“Bizi Azərbaycana aparanda elə sevindik ki…” – Mingəçevirdəki alman əsirin hekayəsi
“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”.
Bu fikirlər Böyük Vətən Müharibəsində əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb.
Villi Deş və yoldaşlarının sonrakı aqibətini sizlərə təqdim edirik:
“Biz Bakının yaxınlığında yerləşən “Nasosnu” adlanan vağzala çatanda aclıqdan güclə ayaq üstə dayanırdıq. Lakin sonradan anladıq ki, Ukraynada Azərbaycana yola düşmək xəbərini aldığımız zamankı sevincimiz əbəs yerə deyilmiş. Vağzalda olarkən türklər bizə kənardan çörək və siqaret atırdılar. Daha sonra bizi Mingəçevirə çalışmağa apardılar. Orada da yerli insanlardan çox səmimi münasibət və yardımlar gördük. Ağsaqqallar, qadınlar, hətta uşaqlar belə bizə yemək verir, mənəvi dayaq olurdular. Lakin Mingəçevirə gələnə qədər yoldaşlarımızın çoxu yoldaca dünyasını dəyişmişdi.
Sağ qalanlar isə ölümcül vəziyyətdə idi. Sağ qalanlardan bir qismi isə o dönəmlər tüğyan edən malyariya xəstəliyindən öldülər. Xoşbəxtik ki, bizi Azərbaycana göndərdilər. Sağ qalmağımızın əsl səbəbkarı bu məmləkət və bu xalq oldu”.
Əsərdə həmçinin Mingəçevir düşəgələrinə gətirilmiş əsirlərin sayı, onların yaşayış şəraiti və hansı işlərdə çalışdırıldıqları da öz əksini tapıb.
Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev Bizim.Media-ya açıqlamasında Villi Deşin sonrakı həyatı və Düşərgə gündəliyi kitabı ilə bağlı fikirlərini bölüşüb.
Nofər Məmmədəliyevin sözlərinə görə, 1948-ci ilə kimi Mingəçevir ərazisində gedən tikinti işlərinə 10 minə yaxın alman əsiri cəlb olunub. Onlar Mingəçevir su bəndi və su elektrik stansiyasının tikintisində mərhələli şəkildə çalışdırılıblar.
Lakin alman əsirlər haqqında bütün məlumatlar SSRİ hökuməti tərəfindən uzun müddət cəmiyyətdən gizli saxlanılıb.
“Villi Deş 1998-ci ildə əsir düşərgələrindən sağ çıxmağı bacarmış bir neçə düşərgə yoldaşı ilə birlikdə yenidən Mingəçevirə gəliblər. Villi Deş əsirlik həyatının əks olunduğu gündəliyi məhz o zaman muzeyimizə hədiyyə edib. Həmin vaxtı keçmiş əsirlər vaxtilə yaşadıqları və çalışdıqları əraziləri dolaşıb, onlara yardım etmiş yerli insanlarla görüşüb və şəhərdəki alman qəbristanlığını ziyarət ediblər”, – Nofər Məmmədəliyev bildirib.
Muzeyin direktorunun sözlərinə görə, alman əsirlər təkcə işçi qüvvəsi kimi deyil, eyni zamanda bacarıqlı mütəxəssis kimi Mingəçevir şəhərinin quruculuq işlərinə önəmli töhfələr veriblər. Ağır iş və baxımsızlıq səbəbindən həlak olan çoxsaylı alman əsirlər alman qəbristanlığı adlanan yerdə dəfn olunublar.
Orada, ümumilikdə, 827 məzar var. Lakin qəbirlərdən yalnız ikisinin üzərində qohumlarının araşdırması və təşəbbüsü nəticəsində kimlik və xatirə abidəsi qoyulub.
“Mingəçevirdə istər bu məzarlığa, istərsə də muzeyimizdə sərgilənən Düşərgə gündəliyinə yerli və əcnəbi turistlərin böyük marağı var. Biz hər kəsi bacardığımız səviyyədə məlumatlandırırıq. Amma çox təəsüf ki, Villi Deşin Azərbaycan-Almaniya dostluğuna önəmli töfhə olan Düşərgə gündəliyinin muzeyimizdə dilimizə tərcümə olunmuş versiyası yoxdur. Mən deyərdim ki, bu gündəlik ideloji cəhətdən o qədər qiymətlidir ki, onun ingilis, fransız və başqa dillərə də tərcümə olunmasına böyük ehtiyac var. Çünki bu gündəlik xalqımızı tanımaq istəyənlər üçün stolüstü kitaba çevrilə bilər”, – deyə müsahibimiz qeyd edib.
Qeyd edək ki, əsirlərdən söhbət düşərkən çoxları üçün yalnız almanları xatırlasa da, əslində həmin düşərgələrdə bir çox digər millətin nüməyəndələri, eyni zamanda azərbaycanlılar da çalışdırılıb.
Tanınmış şair Borsunlu Məzahir Daşqın da bir müddət Mingəçevirdəki əsir düşərgəsində saxlanılıb və burada çoxsaylı şeirlər qələmə alıb. Şair sonradan Sibirə sürgün olunsa da, Səməd Vurğunun yardımları sayəsində vətənə qayıtmağı bacarıb.
Şərhlər bağlıdır.