Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Biz kiminsə naminə azərbaycanlıların həyatını riskə atmayacağıq

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq döyüş missiyalarında iştirak etməyəcəyini və ərəb ölkələrinin problemlərinin özləri tərəfindən həll olunmalı olduğunu bildirib

386

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Qəzza zolağında mümkün beynəlxalq missiyalarda iştirakı ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib.

Dövlət başçısı qeyd edib ki, hazırda belə bir missiyanın hansı mandat əsasında və hansı formatda həyata keçiriləcəyi barədə konkretlik yoxdur. Prezident vurğulayıb ki, Azərbaycan “peace enforcement” xarakterli, yəni məcburetmə əməliyyatlarında iştirak etməyi nəzərdə tutmur.

“Azərbaycanın hüdudlarından kənarda döyüş əməliyyatlarında iştirakı mənim tərəfimdən ümumiyyətlə planlaşdırılmır. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə ata bilmərik”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycanın keçmişdə yaşadığı çətinliklərə də toxunaraq qeyd edib ki, ölkəmiz ağır dövrlərdə beynəlxalq səviyyədə lazımi müdafiə görməyib:

“Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. O cümlədən, Fələstinə hörmətlə yanaşsaq da, həmin dövrdə bizi ciddi şəkildə müdafiə edənlər çox az idi”.

Prezident vurğulayıb ki, buna baxmayaraq Azərbaycan beynəlxalq platformalarda Fələstinin mövqeyini daim dəstəkləyib, ölkəmizdə Fələstin səfirliyi fəaliyyət göstərir və maliyyə yardımı da göstərilib.

İlham Əliyev bildirib ki, onun mövqeyi dəyişməzdir: ərəb dünyası ilə bağlı məsələlər ilk növbədə ərəb dövlətləri tərəfindən həll olunmalıdır.

“Ərəb Liqası var və onun mövqeyi kifayət qədər aydındır. Biz də bu mövqeyə uyğun hərəkət edirik. Qeyri-ərəb müsəlman ölkələrin lazımsız fəallıq göstərməsi və hadisələrin önündə getməsi düzgün yanaşma deyil”, – deyə Prezident əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.