BDU-nun hüquq fakültəsinin tələbələrini şantaj edən şəxs saxlanıldı
Tələbələrin fotolarını montaj edərək sosial şəbəkələrdə yayan şəxs Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən müəyyən edilərək tutulub
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan xanım tələbələri şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tələbələrin görüntülərindən istifadə olunaraq hazırlanmış təhqiramiz foto və videoları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək həbs olunub.
Məlumata görə, həmin şəxs tələbələrin sosial şəbəkə hesablarından götürdüyü fotoları montaj edərək əxlaqsız məzmunlu materiallara çevirib və saxta profil vasitəsilə yayımlayıb.
Zərərçəkənlərdən biri – Zöhrə Əlxaslı bildirib ki, hadisə fevralın 20-si axşam saatlarında üzə çıxıb:
“Canlı yayıma qoşulmuşdu, səsini eşitdik. Təxminən 25-26 yaşlarında bir oğlan idi və hüquq fakültəsinin tələbələrini təhqir edirdi.”
İlkin iddialara əsasən, saxlanılan şəxs bir neçə il əvvəl hüquq fakültəsinə qəbul olunmağa cəhd göstərib, lakin buna nail ola bilməyib. Bundan sonra isə fakültə tələbələrinə qarşı qərəzli münasibət sərgiləməyə başlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.