Bayramda işləyənlərə əlavə maaş necə ödənilir?
Ekspert izah edir: Nəqliyyat, enerji və digər fasiləsiz sahələrdə çalışanlar xüsusi qaydada kompensasiya alır
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları gəlir. Bu il bayram günləri çərşənbə, cümə axşamı və cümə günlərinə təsadüf etdiyindən ölkədə ardıcıl 5 gün qeyri-iş günü olacaq. Lakin bəzi sahələrdə əməkdaşlar bayram günlərini də iş başında keçirirlər.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, nəqliyyat, enerji və digər fasiləsiz fəaliyyət göstərən sahələrdə bayram və istirahət günlərində növbəli iş rejimi tətbiq olunur.
Ekspertin açıqlamasına görə, 5 və ya 6 günlük iş qrafiki ilə çalışanlar bayram günlərində işə cəlb olunduqda, onların əməyinə xüsusi qaydada ödəniş edilməlidir: “Belə hallarda işçiyə bayram günündə işlədiyi günün əməkhaqqısının 2 misli ödənilir.”
Əmək Məcəlləsinə əsasən, işçi istəsə, bayram günündə işlədiyi əvəzində başqa istirahət günü də ala bilər. Lakin müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması yalnız xüsusi şərtlər əsasında mümkündür: hamilə qadınlar, 14 yaşınadək uşağı olan və ya 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar yalnız yazılı razılığı ilə işə cəlb edilə bilərlər. Yaşı 18-dən aşağı olan şəxslərin isə bayram günlərində işləməsi tam qadağandır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.