Bir müddət öncə “Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşduğu qəza ilə bağlı yeni videogörüntülər yayılıb.
Mi-News.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzanın sürücülərdən birinin avtobusu idarə edərkən telefona baxmasına görə yola nəzarət etmədiyi üçün baş verdiyi iddia olunur.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir: “Bununla bağlı “BakuBus” MMC də daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.
Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələylə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatına səbəb olar.
Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”.
Qeyd edək ki, “Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşması nəticəsində 7 sərnişin xəsarət alıb
Şərhlər bağlıdır.