Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda Azərbaycan–İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi

Tərəflər nəqliyyat dəhlizləri, energetika və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib, Anlaşma Memorandumu imzaladılar

55

Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə həsr olunmuş Dövlət Komissiyasının 17-ci iclası keçirilib.

Toplantıya Azərbaycan tərəfdən Baş nazirin müavini və Komissiyanın həmsədri Şahin Mustafayev, İran tərəfdən isə yol və şəhərsalma naziri, Komissiyanın həmsədri Fərzanə Sadeq rəhbərlik edib. İclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi köklər, mədəni və dini bağlılıq, həmçinin dostluq və qonşuluq prinsipləri üzərində qurulduğu vurğulanıb. Qeyd edilib ki, ikitərəfli əlaqələrin inkişafı hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə söykənir və əməkdaşlıq geniş spektri əhatə edir.

Müzakirələrdə ticarət-iqtisadi əlaqələrin hazırkı durumu, nəqliyyat, enerji, su ehtiyatları və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı nəzərdən keçirilib.

Şahin Mustafayev çıxışında bildirib ki, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq yekunlaşıb. Sərhəd və gömrük infrastrukturu tamamlandıqdan sonra körpünün istifadəyə verilməsi planlaşdırılır. Layihənin Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla daha qısa marşrutla birləşdirəcəyi, həmçinin Fars körfəzi ilə Qara dəniz arasında mühüm nəqliyyat bağlantısı yaradacağı qeyd olunub.

Bundan əlavə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun tranzit imkanlarının artırılması, eləcə də Şimal-Cənub dəhlizinin əsas hissəsi sayılan Rəşt–Astara dəmir yolu xəttinin tikintisi məsələləri geniş müzakirə edilib. Bildirilib ki, həmin xətt istifadəyə verildikdən sonra yükdaşımaların həcmi artacaq və logistika müddəti azalacaq.

Toplantıda, həmçinin iki ölkənin birgə reallaşdırdığı layihələrin icra vəziyyəti qiymətləndirilib. Bu layihələr əsasən logistika və enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

İclasın sonunda Komissiyanın həmsədrləri görüşün yekunlarına dair Anlaşma Memorandumunu imzalayıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.