Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda Avropa Bilik Yarışması baş tutdu

Gənclər ilində Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropa Şəhərciyi, Avropa Yay Məktəbi və Aİ Gənclər Müsabiqəsi kimi bir sıra tədbirlər planlaşdırır

1. 800

27 iyul 2022-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə əməkdaşlığı ilə Avropa Bilik Yarışması keçirilib. “Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarışma Avropa Gənclər İlinə həsr olunub.

Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı istedadlı gəncləri bir araya gətirən Bilik Yarışması Avropanın tarixi, dəyərləri, mədəniyyəti barədə iştirakçıların biliklərini interaktiv yolla artırmaqla yanaşı, həm də onlarda komanda ruhunun və analitik bacarıqlarını inkişafına kömək edir.

Yarışda iştirak üçün 555 gənc müraciət etmiş, onlardan 66 nəfər müsabiqədən keçə bilmişdir. Bilik yarışmasına 14 komanda qatılmışdır.

Aİ-nin Azərbaycandakı səfiri, cənab Peter Mixalko Bilik Yarışmasına qatılan gəncləri salamlayaraq demişdir: “Avropa İttifaqı pandemiya zamanı gənclərin çəkdiyi itkiləri nəzərə alaraq 2022-ci ili “Gənclər ili” elan edib. İki il sürən çox çətin dövrdən sonra Aİ bütün dünyadakı gənclər üçün daha bərabər təhsil və iş imkanları təmin etmək niyyətindədir. Gənclər ilində Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropa Şəhərciyi, Avropa Yay Məktəbi və Aİ Gənclər Müsabiqəsi kimi bir sıra tədbirlər planlaşdırır. Məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı daha çox gücləndirməkdir ki, parlaq gələcəyin qurucusu olan gənclər də bu məsələdə xüsusi rol oynayır”.

Tədbirdə Çexiya Respublikası və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, müxtəlif dövlət universitetlərinin tələbələri, Abşeron, Biləsuvar və Şəki şəhərlərinin orta məktəb yuxarı sinif şagirdləri, eləcə də media nümayəndələri iştirak ediblər.

İki mərhələdə keçirilən Bilik yarışmasında “Replicants” komandası qalib olmuşdur. İkinci və üçüncü yerləri “One Minute” və “Zəkalar” komandaları qazanmışlar. Qalibləri Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko mükafatlandırmışdır. Yarışmanın bütün iştirakçılarına hədiyyələr verilmişdir.

 

Şərhlər bağlıdır.