Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda Afrika–Azərbaycan əməkdaşlığını hədəfləyən AFAZ-ın rəsmi açılışı keçirilib

Yeni təşkilat Afrika ölkələri ilə Azərbaycan arasında ticarət və mədəni əlaqələrin genişləndirilməsini qarşıya məqsəd qoyur

20

Bakıda Afrika–Azərbaycan əməkdaşlığını gücləndirməyi hədəfləyən Afrika Azərbaycan Təşkilatının (AFAZ) rəsmi açılış mərasimi keçirilib. Tədbir iki region arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönəlmiş yeni platforma kimi qiymətləndirilib.

Açılışda çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin media üzrə müşaviri Alptekin Cihangir İşbilir AFAZ-ın yaradılmasını mühüm təşəbbüs adlandırıb. O qeyd edib ki, Türkiyə 2005-ci ildən etibarən Afrika ölkələri ilə münasibətlərin dərinləşdirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib və bu siyasət bu gün də ardıcıl şəkildə davam etdirilir.

“Türkiyə Afrikaya yalnız yardım prizmasından deyil, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq baxımından yanaşır. Azərbaycanın Afrika ilə bağlı siyasəti də müsbət və perspektivlidir. Afrika böyük potensiala malik bir qitədir və biz Türkiyə olaraq qardaş Azərbaycanla bu istiqamətdə birgə təşəbbüsləri davam etdirməyə hazırıq”, – deyə o vurğulayıb.

AFAZ-ın təsisçisi Rəna Qafarova isə təşkilatın əsas məqsədləri barədə məlumat verib. Onun sözlərinə görə, qurum Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini qarşıya məqsəd qoyub.

Rəna Qafarova bildirib ki, təşkilat 2023-cü ildə yaradılıb və hazırda 54 Afrika ölkəsi ilə əməkdaşlıq imkanlarının inkişafı üzərində çalışır: “Əsas hədəflərimiz ticarət əlaqələrinin gücləndirilməsi və mədəni mübadilənin təşviqidir. 2026-cı il üçün planlarımız kifayət qədər genişdir. Artıq bu ilin may ayında 100-dən çox Afrika şirkətinin Bakıya səfərini planlaşdırmışıq”.

Qeyd edək ki, açılış mərasimində xarici diplomatlar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.