Dekabrın 5-də Bakı Avrasiya Universiteti (BAAU) ilə İzmir Yüksek Teknoloji İnstitutu (İYTE) arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimindən öncə görüş keçirilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavş Qasımov, elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, İYTE-nin rektoru, professor Yusuf Baran və Kitabxana və sənədləşmə şöbəsinin müdiri Gültekin Gürdal iştirak edib.
Görüş zamanı S.Qasımov BAAU-nun tarixi və missiyası barədə məlumat verib, universitetin beynəlxalq əlaqələr, birgə fəaliyyətlər, tədris proqramı və maddi-texniki bazasından danışıb. O, BAAU-nun xarici universitetlərlə əməkdaşlığa və tələbə-müəllim mübadiləsinə xüsusi önəm verdiyini, həmçinin tədris proqramlarının qlobal standartlara uyğun yeniləndiyini vurğulayıb.
S.Qasımov universitetin son illərdə beynəlxalq sahədə qazandığı uğurlardan danışaraq, birgə layihələrin və proqramların BAAU-nun nüfuzunu artırdığını qeyd edib. Bu əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını bildirib.
Y.Baran İYTE-nin Türkiyənin ali təhsil sistemindəki mövqeyi, uğurları barədə məlumat verib. O, rəhbərlik etdiyi universitetin təbiət elmləri və mühəndislik sahələrində əldə etdiyi nailiyyətləri, tədris dilinin ingilis dili olması ilə beynəlxalq elmi tədqiqatlarda fəal iştirakını vurğulayıb. Rektor BAAU ilə qurulacaq əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini diqqətə çatdırıb.
Sonra memorandum imzalanma mərasimi keçirilib və xatirə şəkilləri çəkilib.
BAAU ilə İYTE arasında imzalanan memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, seminarlar və konfransların təşkili, tədris materiallarının və elmi ədəbiyyatın mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur. Bu təşəbbüs BAAU-nun beynəlxalq əlaqələrinin genişlənməsinə və İYTE-nin qabaqcıl təcrübələrinin tətbiqinə imkan yaradacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.