Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir Şəkidə keçirildi
Mingəçevir Dövlət Universitetinin nümayəndələri və region məktəbləri şagirdləri Xalq Şairinin yaradıcılığını ədəbi-bədii proqramla yad etdilər
2025-ci il dekabrın 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı və “Techera Academy” MMC-nin dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yurdunda Mingəçevir Dövlət Universiteti sədası” adlı ədəbi-bədii tədbir Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Şəki şəhər Təşkilatı, AMEA-nın Şəki Regional Elmi Mərkəzi, Şəki-Zaqatala Regional Təhsil və Mədəniyyət İdarələri, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsi, Şəki şəhər Məhkəməsinin hakimi Pərvanə Məmmədova, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar, eləcə də region məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbir öncəsi iştirakçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Proqram Xalq şairi Bəxtiyar Vahabzadənin, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra süni intellekt texnologiyaları ilə hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarx şairin həyat və yaradıcılıq yolunu, poetik dünyasını və ədəbi irsini izləyicilərə yenilikçi texnologiyalarla təqdim edib.
Tədbiri açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli kimlik və vətənpərvərlik ruhunun formalaşmasında müstəsna xidmətlərini vurğulayıb. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı yalnız ədəbi irs deyil, həm də milli yaddaş, azadlıq ideyası və mənəvi bütövlüyün ifadəsidir. O, bu irsin gənc nəslə aşılanmasının ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu bildirərək, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Açılış nitqlərində UNEC-in Zaqatala filialının direktoru, ADPU-nun Şəki filialının direktor müavini, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru və digər rəsmi şəxslər çıxış edərək şairin elmi, ədəbi və mədəni irsinin önəmini vurğulayıblar.
Bədii hissədə Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrinin, həmçinin region məktəblərinin şagirdlərinin ifasında Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhunda olan şeirləri səsləndirilib, musiqi və ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Tədbir gənc nəslin milli-mənəvi dəyərlərlə zənginləşdirilməsi, şairin yaradıcılığının yeni texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.