“Aztelekom”da vətəndaş müraciətlərinin sayı azalıb
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində aparılan yeniliklər xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olub.
AZCON şirkətlər qrupuna daxil olan “Aztelekom” MMC tərəfindən xidmət səviyyəsinin artırılması məqsədilə görülən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında əhəmiyyətli nəticələr verib.
Qurumun rəsmi veb-saytı və sosial şəbəkə hesabları üzərindən daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
Müraciət və zənglərin sayındakı bu azalma 2021–2024-cü illərdə icra olunan “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmətlərin təkmilləşdirilməsi və qabaqlayıcı tədbirlərin tətbiqi ilə əlaqələndirilir.
Məlumata görə, regionlarda onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu cavablandırılıb ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə müraciətlərin sayı 43 minə yaxın olub və burada 39 faizlik azalma qeydə alınıb.
Bununla yanaşı, 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dinamika müşahidə edilib. Regionlar üzrə 711 mindən artıq zəng qəbul olunub ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azdır. Bakı şəhərində isə 578 mindən çox zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb.
“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirdiyini bildirir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.