“Azərsu” ASC-nin layihəsi icra olunandan yuxarı mərtəbələrə su qalxmır
Mingəçevirin S.Vurğun küçəsindəki 19 saylı hündür mərtəbəli bina 36 mənzildən ibarətdir. Sakinlərin bildirdiyinə görə, suyun təzyiqi aşağı olduğundan yuxarı mərtəbələrə su çıxmır. 9-cu mərtəbədə yaşayan 1-ci qrup əlil Vaqif Cəfərov deyir ki, bu halında düşüb aşağı mərtəbələrdən su gətirməyə məcburdur: “Hər dəfə yay gələndə evdə işlətməyə su tapmırıq. Əvvəllər yuxarı mərtəbəyə suyu mühərriklə vururdular. Amma “Azərsu” su və kanilaziya xətlərinin dəyişilməsiylə bağlı layihəsini icra edəndən qalmışıq Allah umuduna. Yeni quraşdırdıqları sayğac da su istifadə etməsək belə özü üçün “işləyir” və pul yazır”.
Digər sakinlər də vəziyyətin acınacaqlı olduğunu dilə gətirdilər. Bir qadın isə dedi ki, səhər işə gedəndə əl-üz yumağa su tapmır: “Çaynikdən su töküb əl-üzümüzü yuyuruq. Nə hamamda su qızdırıcı cihaz işləyir, nə paltaryuyan maşın. Yayın istisində sudan korluq çəkirik. Halbuki, sağımız da sudur, solumuz da. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, lakin problem həllini tapmayıb”.
Əraziyə gələn Mingəçevir Şəhər İcra Hakimiyyəti və şəhər su-kanal idarəsinin nümayəndələri bildiriblər ki, yay ayı olduğundan bağ-bağçalar suvarılır, ona görə suyun təyziqi aşağı düşür. Amma buna baxmayaraq problemin yaxın günlərdə çözüləcəyini vəd ediblər.
Şərhlər bağlıdır.