AzərbaycanElm və təhsilMDUXəbərlər

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib

2021-ci ilin 17-18 may tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzusunda ikigünlük elmi seminar keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində uzun fasilədən sonra “Xarıbülbül” musiqi festivalının keçirilməsi münasibətilə hər iki universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını təbrik edib.

17 May tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edildiyini vurğulayan rektor informasiya-kommunikasiya texnologiyalarının (İKT) müasir dövrdə əvəzolunmaz rolundan və Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət tərəfindən həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb. Elmi seminarın proqramına daxil olan mövzuların aktual problemlərə həsr edildiyini bildirən Ş.Bayramov AzTU ilə birgə keçirilən elmi tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Seminar iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev hazırda ölkəmizdə telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsinin dövlət siyasətinin başlıca prioritetlərindən birini təşkil etdiyini qeyd edib. İnformasiya cəmiyyətinin qurulması ilə bağlı fikirlərini bölüşən V.Vəliyev bu istiqamətdə rəqəmsal savadlılığın, İKT sahəsində müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının və elmi-tədqiqatların rolundan danışıb.

Hazırki pandemiya şəraitində informasiya texnologiyalarının təhsil sahəsində tətbiq dairəsinin daha da genişləndiyini, yeni imkanlar və müsbət təcrübələr qazanıldığını bildirən rektor bu kontekstdə postpandemiya dövründə ali təhsilin inkişaf perspektivlərinin araşdırılmasının zəruriliyindən bəhs edib və seminarın işinə uğurlar arzulayıb.

Seminarın ilk günündə, MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşlarından dosent Almaz Əliyeva “İnformasiya cəmiyyətinin hədəfləri və əsas xüsusiyyətləri” mövzusunda, baş müəllim Asudə Abdurrahmanova “İnformasiya cəmiyyətində insan amili” mövzusunda, müəllim Ceyhun Əlizadə “İnformasiya cəmiyyətində informasiya mədəniyyətinin formalaşdırılması” mövzusunda, müəllim Məryəm Əsədova “Beynəlxalq təcrübələrdən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin quruculuğu” mövzusunda, AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının əməkdaşlarından baş müəllim Şəhla Əliyeva “Azərbaycanda hökumət buludu: mövcud vəziyyət və perspektivlər” mövzusunda, müəllim Anar İsmayılov “Müasir bank sistemlərində informasiya texnologiyalarının rolu” mövzusunda məruzələr ilə çıxış ediblər.

Seminarın ikinci günündə, AzTU-nun Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının əməkdaşlarından baş müəllim Mübariz Qənbərov “Müasir paylanmış informasiya sistemlərinin qurulması metodologiyası və texnologiyaları” mövzusunda, müəllim Dilarə Quluzadə “BİG DATA və verilənlərin intellektual analizi texnologiyaları” mövzusunda, MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşlarından müəllim Səadət Aslanova “İnformasiya cəmiyyətinin əsas komponenti – Elektron elm” mövzusunda, müəllim Elçin Tağıyev “Müasir cəmiyyətin virtual reallığı” mövzusunda, müəllim Şəbnəm Nəsirova “Qloballaşdırılmış informasiya cəmiyyətinin problemləri” mövzusunda, müəllim Nərmin Əhmədova “İnformasiya cəmiyyətinin formalaşdırılmasında internetin rolu” mövzusunda məruzələr ilə çıxış ediblər.

Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, birgə seminar 2019-cu ildə AzTU ilə MDU arasında imzalanmış Anlaşma Me­morandumu çərçivəsində həyata keçirilib. Akademik potensialın gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi hər iki universitetin rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Close