“Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başa çatıb”.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, bunu stansiyanın direktoru Təhmasib Hüseynov bildirib. Onun sözlərinə görə, 2018-ci ilin ortalarında stansiyada baş verən qəza hər kəsdə ümidsizlik yaratmışdı. Lakin prezident İlham Əliyevin göstərişi ilə stansiyanın reabilitasiya planına müvafiq olaraq atılan addımlar son nəticədə öz müsbət nəticəsini verib:
“Qısa zaman ərzində itirilmiş 600 meqavat saat elektrik enerjisini bərpa etmək mümkün oldu. Ötən müddət ərzində hər birinin gücü 300 meqavat olan 8 enerji bloku hazır edilib. Eyni zamanda gücləri 330 və 500 kilovat olan paylayıcı qurğular, ən müasir texnologiya əsasında su təmizləyici vasitə, həmçinin digər köməkçi vasitələr hazırlanaraq istismara verilib. İşçilərin iş şəraitinin yaxşılaşdırılması da xüsusi əhəmiyyət kəsb edib”.
Təhmasib Hüseynovun sözlərinə görə, stansiyada baş verən qəzadan sonra heç kim buranın yenidən fəaliyyət göstərəcəyinə inanmırdı. Lakin görülən işlər və ölkə başçısının diqqəti sayəsində artıq Azərbaycan İstilik Elektrik Stansiyası dayanıqlı və etibarlı şəkildə istifadəyə tam hazırdır.
Şərhlər bağlıdır.