Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Azərbaycanfilm”in gələcəyi üçün yeni təşəbbüslər

Kinematoqrafçılar İttifaqı studiyanın abidə və infrastrukturu ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər göndərib

295

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Azərbaycanfilm” kinostudiyasının inkişafı ilə bağlı yeni təşəbbüslərlə çıxış edib. İttifaq bu təklifləri Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimliyə ünvanladığı məktubda təqdim edib.

Məktub “Azərbaycanfilm”in həyətində yerləşən görkəmli dramaturq Cəfər Cabbarlının abidəsinin bərpası ilə bağlı xəbərlərə münasibət olaraq göndərilib. AKİ bildirib ki, Kinopark layihəsi çərçivəsində abidənin bərpası təkcə estetik məsələ deyil, eyni zamanda film istehsalına dolayısı ilə müsbət təsir göstərə biləcək mühüm addımdır.

Məktubda Azərbaycan Kino Agentliyinin (ARKA) “Azərbaycanfilm” studiyasının binasında yerləşməsi də müsbət qiymətləndirilib. Qeyd olunub ki, bu addım həm idarəetmə baxımından, həm də maliyyə səmərəliliyi nöqteyi-nəzərindən əhəmiyyətlidir. Belə ki, icarə xərclərinin azalması, rejissorlarla ünsiyyətin sürətlənməsi və kino sənayesi ilə agentlik arasında koordinasiyanın güclənməsi gözlənilir.

AKİ həmçinin kinostudiyanın Moskva prospektinə baxan küçə girişinin əsaslı təmirdən öncə müasir reklam və informasiya məkanına çevrilməsini təklif edir. Bildirilir ki, studiyanın girişi yalnız texniki zona deyil, həm də PR, informasiya və imic formalaşdıran platforma ola bilər. Burada studiyanın tarixi, həyata keçirilən film layihələri, afişalar və xidmətlər barədə məlumatların təqdim olunması mümkündür.

Təkliflərdə vurğulanır ki, küçəyə baxan giriş hissəsində elektron lövhənin quraşdırılması bu prosesin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu təşəbbüsün Kinopark layihəsi üçün ayrılan böyük vəsaitlər gözlənilmədən, cari ilin maliyyə imkanları çərçivəsində reallaşdırıla biləcəyi qeyd olunur.

Məktubda “Azərbaycanfilm”in yalnız istehsal müəssisəsi deyil, həm də müstəqil Azərbaycanın bir neçə nəslinin mədəni yaddaşında mühüm yer tutan mədəniyyət mərkəzi olduğu xüsusi vurğulanır. Studiyanın girişinin yenilənməsi və multimedia elementləri ilə zənginləşdirilməsi kino sənayesinin inkişafına əlavə stimul verə bilər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov bildirib ki, AKİ sədri Rasim Balayev “Azərbaycanfilm”in gələcəyini daim diqqətdə saxlayır və bu məsələ artıq mədəniyyət naziri ilə müzakirə olunub. Kino ictimaiyyəti Mədəniyyət Nazirliyinin studiyanı tam fəaliyyət göstərən müasir film istehsalı mərkəzinə çevirmək planlarının tezliklə həyata keçiriləcəyinə ümid edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.