Azərbaycanda süni yağış layihəsi gündəmdə
Pilot layihələr 2027-ci ildən həyata keçiriləcək.
Azərbaycanda su ehtiyatlarının artırılması və su qıtlığının qarşısının alınması üçün yeni yanaşma – süni yağış texnologiyasının tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə bir neçə pilot layihənin reallaşdırılması planlaşdırılıb.
2025-ci ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırılması və sənədləşməsi tamamlanacaq. 2026-cı ildə pilot ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan su əldə olunmasına dair ilk sınaq layihəsi icra ediləcək.
Bununla yanaşı, yüksək minerallaşmış yeraltı suların təmizlənərək istifadəyə verilməsi də planlaşdırılır. 2025-ci ilin sonuna qədər su təminatı zəif olan yaşayış məntəqələri seçiləcək, 2026-cı ildə həmin yerlər üçün xüsusi layihələr hazırlanacaq və 2027-ci ildə təmizlənmiş suların istifadəsi üzrə ilk pilot işlər həyata keçiriləcək.
Xatırladaq ki, ötən il İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti Azərbaycana süni yağış texnologiyasını təklif edib. Sözügedən metod buludların üzərinə gümüş yodid kristallarının səpilməsi ilə yağışın yaranmasına şərait yaradır. İsrail bu üsuldan 1972-ci ildən bəri istifadə edir.
Layihə böyük maliyyə tələb etsə də, uzunmüddətli perspektivdə səmərəli sayılır. Ekspertlərin fikrincə, süni yağış xüsusilə su qıtlığı olan bölgələrdə vacib rol oynayacaq. Bu texnologiya kənd təsərrüfatında məhsuldarlığın artırılması, yeraltı su ehtiyatlarının qorunması və ekoloji tarazlığın dəstəklənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.