Azərbaycanda Süni İntellekt Akademiyası açıldı
Yeni tədris mərkəzi ölkədə süni intellekt ekosisteminin inkişafını sürətləndirəcək
Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt sahəsinin inkişafına dair qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib. İştirakçılar tədris mühiti ilə tanış olub və tələbələrlə fikir mübadiləsi aparıblar.
“AI Academy” AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsaslanır. Akademiyanın əsas məqsədi süni intellekt mütəxəssisləri yetişdirmək və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir.
Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard və Stanford Universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Akademiyada həmçinin elmi-tədqiqat işləri və innovativ layihələrə önəm verilir. Tələbələr startap ideyaları üzərində işləmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.
Tədbirdə həmçinin 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində öyrədilmiş süni intellekt geniş dil modeli prototipi təqdim olunub. Layihə Azərbaycanın milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov qeyd edib:
“Süni İntellekt Akademiyasının yaradılması yeni nəsil mütəxəssislərin yetişdirilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və Azərbaycanın qlobal süni intellekt xəritəsində mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.”
Akademiyada bütün tədris proqramları tam təqaüdlü həyata keçiriləcək. Qəbul və yeniliklərlə bağlı məlumatlar “AI Academy”nin rəsmi saytında və sosial media hesablarında yayımlanacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.