Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda sosial müavinət alanların sayı açıqlandı

2025-ci ilin ilk yarısında 460 mindən çox vətəndaş müxtəlif növ sosial müavinət alıb

1

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il iyulun 1-i vəziyyətinə ölkədə sosial müavinət alanların sayı artıb.

Belə ki, yaşa görə müavinət alanların sayı 166,2 min nəfər təşkil edib (ötən ilin müvafiq dövründə – 152,1 min nəfər). Əlilliyə görə müavinət alanların sayı isə 221,2 min nəfər olub ki, onların 42,1 mini əlilliyi olan uşaqlardır.

Ailə başçısını itirməyə görə müavinət alanların sayı 52,1 min nəfər, digər müavinət növləri üzrə isə 22,9 min nəfər qeydə alınıb.

Valideynlərini itirmiş və himayəsiz qalmış uşaqların 167 qəyyumuna aylıq müavinət ödənilib. Şəhid ailələrinin, müharibə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, həmçinin Çernobıl qəzası nəticəsində zərərçəkənlərin ailələrinə ümumilikdə 5,9 min uşaq üçün müavinət verilib.

Bundan əlavə:

  • 3 215 nəfər bir yaşınadək uşağı olan 3 120 aztəminatlı ailəyə,

  • 32 uşağa görə 31 övladlığa götürən ailəyə,

  • beşdən çox uşağı olan 2,8 min qadına 12,8 min uşaq üçün müavinət,

  • əmək xəsarəti və peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya ödənilib.

Cari ilin ilk yarısında 18,7 min uşağın doğulmasına görə birdəfəlik müavinət, həmçinin 3,6 min nəfərə müalicə, 3,4 min nəfərə dəfn, 2,8 min nəfərə isə penitensiar müəssisələrdən azad olunma ilə əlaqədar birdəfəlik ödənişlər həyata keçirilib.

2025-ci il iyulun 1-nə olan məlumata görə, ölkədə 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği 100,37 manat təşkil edib.

Ümumilikdə isə müxtəlif kateqoriyalar üzrə 403,3 min nəfərə Prezident təqaüdü və fəxri adlara görə təqaüdlər təyin olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.