Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq
MİQ-ə qatılacaq müəllimlərdən ödəniş tələb olunacaq, lakin bəzi həssas qruplar azad ediləcək; mütəxəssislər bu qərarın narazılıq yarada biləcəyini bildirir
Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanın ödənişli olması nəzərdə tutulub. Məsələ ilə bağlı müzakirələr aparılıb və yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.
İmtahanın qiyməti hələlik açıqlanmayıb, lakin bəzi həssas qruplara aid şəxslərin ödənişdən azad ediləcəyi bildirilir. Rəsmi açıqlama hələ verilməyib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və təhsil üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, bu yenilik təhsil ictimaiyyətində müəyyən etirazlara səbəb ola bilər. O bildirib:
“Etiraf etməliyəm ki, iradlarda haqlı məqamlar var. Amma hələ praktik olaraq heç bir dəyişiklik baş verməyib və ümid edək ki, gələcəkdə də belə olmayacaq. Ödəniş tələb etmək doğru yanaşma deyil. Dünya təcrübəsində belə bir praktika mövcud deyil.”
O, MİQ-i DİM-in imtahanları ilə müqayisə etməyin doğru olmadığını vurğulayıb:
“DİM dövlət qərarına əsasən maliyyələşmə baxımından müstəqildir, MİQ isə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur və nazirlik büdcədən vəsait ayırır. Belə olan halda, müəllimlərdən ödəniş tələb etmək məntiqli deyil.”
Elmin Nuri həmçinin əlavə edib ki, son illərdə MİQ müsabiqəsi və onun mərhələləri barədə müəllimlər arasında narazılıqlar artıb. Vakansiya mərhələsində sərt qaydalar və az sayda vakant yerlər müsabiqəyə olan inamı azaldıb. Bu səbəbdən, imtahanın ödənişli olması həm müəllim peşəsinə marağı azalda, həm də əlavə narazılıq yarada bilər.
O vurğulayıb:
“On minlərlə müəllim kimi, mən də bu qərarla razı deyiləm. Müəllim peşəsinə və onu seçənlərə həssas yanaşmalıyıq, lakin bu yenilik həm MİQ-ə, həm də müəllimliyə marağı xeyli azalda bilər.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.