Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda inzibati islahatlar gündəmdə

Rayonların sayı azaldıla bilər – Ekspertlərin təklifləri

13

Azərbaycanda 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir. Ekspertlər “qənaət büdcəsi” adlandırdıqları layihəni artıq birinci oxunuşda təsdiqləyiblər. Sənəd neft gəlirlərində azalmanı nəzərə alaraq dövlət xərclərinə daha sərt nəzarət ehtiyacını vurğulayır.

Son aylarda mətbuatda və ekspert çevrələrində paralel strukturların ləğvi, oxşar funksiyalı qurumların birləşdirilməsi barədə müzakirələr genişlənib. Nazirliklər, agentliklər və komitələrin sayının azaldılması, bəzi qurumların yenidən nazirliklərə inteqrasiya olunması təklif olunur. Analitiklər bildirir ki, yalnız bu dəyişikliklərdən belə illik yüz milyonlarla manat qənaət edilə bilər.

İqtisadçılar hesab edirlər ki, mərkəzi icra hakimiyyəti xərclərinin ixtisarı yetərli deyil. Yerli strukturların optimallaşdırılması da qaçılmazdır. Azərbaycanın inzibati-ərazi bölgüsü sovet dövründə formalaşıb və həmin dövrün idarəçilik fəlsəfəsinə uyğun qurulub. Bir çox rayon kiçik ərazi və əhali vahidlərindən ibarət olub, müasir sosial-iqtisadi reallıqlara cavab vermir. İşğaldan azad edilmiş bölgələrdə yaradılan yeni strukturlar daha effektiv görünür.

Hazırda kiçik rayonların saxlanılması dövlət üçün ciddi maliyyə yükü yaradır. Əhalisi 20–25 min nəfər olan rayonlarda məktəb, xəstəxana və sosial infrastrukturu saxlamaq xərcləri artırır. Ekspertlər bildirir ki, resursların birləşdirilməsi daha iri inzibati vahidlər yaradaraq xidmət keyfiyyətini artırmaqla yanaşı, maliyyə yükünü də optimallaşdıra bilər.

Azərbaycanda hazırda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər və 12 şəhər rayonu mövcuddur. Statistikaya görə, Xızı rayonunun əhalisi 16.8 min, Daşkəsən 33.4 min, Siyəzən 42 min, Oğuz 48 min, Zərdab 60 min nəfərdir. Naxçıvanda bəzi rayonların əhalisi 30 min nəfərdən azdır.

Hazırda təkliflər rayonların sayının 64-dən təxminən 50-yə endirilməsini, daha kəskin yanaşmada isə 40–45 rayon səviyyəsinə qədər azaldılmasını nəzərdə tutur. Tərəfdarlar bildirir ki, iri inzibati vahidlər büdcə və resurs planlamasını sistemləşdirər, layihələrin koordinasiyasını asanlaşdırar və regional inkişafı vahid strategiya ilə həyata keçirməyə imkan verər.

Bəzi mütəxəssislər sovet dövründən miras qalmış icra hakimiyyəti strukturunun xüsusi nümayəndəlik institutuna çevrilməsini təklif etsələr də, ekspertlər bu modelin hələ tam oturuşmadığını, real sosial-iqtisadi təsirlərinin qiymətləndirilməli olduğunu bildirirlər. Hazırkı mərhələdə mövcud icra hakimiyyətini modernləşdirmək, idarəetməni daha çevik və funksional modelə uyğunlaşdırmaq daha məqsədəuyğundur.

Belə addım keçid dövründə riskləri azaldar və yerli idarəetmənin səmərəliliyini təmin edər. Hökumət səviyyəsində hələ konkret qərar verilməsə də, ekspert rəyləri və ictimai müzakirələr göstərir ki, 2026-cı ilin yeni büdcə reallığı idarəetmədə dəyişiklik ehtiyacını daha da aktuallaşdırıb. İqtisadçılara görə, xərclərə nəzarət vacib olsa da, idarəetmənin modernləşdirilməsi olmadan uzunmüddətli maliyyə sabitliyi təmin edilə bilməz.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.