Azərbaycanda astronomiya maarifləndirilməsinə güclü təkan
“Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla yekunlaşdı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatıb.
Layihə Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən icra olunub və müxtəlif yaş qruplarını astronomiya elminə cəlb etmək, elmi maarifləndirməni gücləndirmək və ölkədə astro-mədəni mühiti genişləndirmək məqsədi daşıyıb.
Layihənin açılışı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən geniş astro-festival çərçivəsində keçirilib. Tədbirdə 1000-dən çox uşaq teleskop müşahidələrinə qatılıb, Günəş və digər səma cisimlərini izləyərək mütəxəssislərdən elmi məlumatlar alıblar.
Sonrakı mərhələdə Bakı Dövlət Universiteti və tərəfdaş qurumların yay düşərgəsində “Astronomiya axşamı” keçirilib. İştirakçılar astrofoto sərgisi ilə tanış olub, interaktiv oyunlarda iştirak edib və axşam saatlarında teleskoplarla göy cisimlərini müşahidə ediblər.
7 sentyabrda Ay tutulmasının canlı müşahidəsi yüzlərlə insanı bir araya gətirib. Xüsusi teleskoplar vasitəsilə tutulmanın bütün fazaları nümayiş etdirilib və alimlər tərəfindən elmi-populyar izahlar təqdim olunub.
Layihə çərçivəsində astronomiya üzrə iki mühüm nəşr — “Astronomiya Olimpiadaları: Məsələlər və onların həllləri” və Beynəlxalq Astronomiya İttifaqının “Astronomiyada Əsas Anlayışlar” kitabları Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Təqdimatlarda bu resursların tədris prosesində istifadəsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Bundan əlavə, “Fəza və Zamanın Elçiləri” sənədli filmi də Azərbaycan dilinə səsləndirilib və ilk dəfə nümayiş olunub. Film astronomiyanı geniş auditoriyaya daha anlaşıqlı və vizual formada təqdim etmək məqsədi daşıyır.
Layihənin diqqəti cəlb edən tədbirlərindən biri Qarabağda keçirilən ilk açıq astronomik müşahidə olub. Şəhər mərkəzində quraşdırılmış teleskoplar vasitəsilə sakinlər göy cisimlərini müşahidə edərək bölgədə elmi maarifləndirmənin bərpasına rəmzi töhfə veriblər.
Ümumilikdə layihə müxtəlif regionlardan minlərlə insanı əhatə etməklə astronomiya elminin populyarlaşdırılmasına, gənclərin elmə marağının artırılmasına və Azərbaycan dilində elmi resursların genişlənməsinə mühüm töhfə verib.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri, dosent Kəmalə Alışeva bildirib ki, layihə ölkədə astronomiya təhsili və elmi maarifləndirmənin güclənməsinə ciddi dəstək olub. Onun sözlərinə görə, açıq müşahidələr, maarifləndirici görüşlər və interaktiv tədbirlər minlərlə uşağı, gənci və ailəni səma ilə yaxından tanış edib, elmə marağı artırıb. Azərbaycan dilində elmi nəşrlərin və audiovizual materialların hazırlanması isə yerli dildə keyfiyyətli resursların sayını artırıb.
Həvəskar Astronomlar Cəmiyyəti gələcəkdə də elmi maarifləndirmə, açıq müşahidə proqramları və tədris resurslarının hazırlanması istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.