Azərbaycanda ad seçimi ilə bağlı maraqlı statistika
Yeni ilin ilk 9 günündə doğulan körpələr arasında Uğur və Məryəm adları lider olub
Yeni ilin ilk 9 günündə Azərbaycanda 431 körpənin doğumu qeydə alınıb. Onlardan 225-i oğlan, 206-sı isə qız uşaqlarıdır.
Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddətdə oğlan uşaqları üçün ən çox seçilən ad Uğur olub. Cari ilin əvvəlindən bu ad 44 körpəyə verilib. Siyahıda Raul (34), Yusif (24), Hüseyn (23) və Əli (21) adları da üstünlük təşkil edib. Valideynlərin müasir adlara marağı da nəzərə çarpır: Miran 20, Tunar 16, Fateh isə 15 dəfə seçilib. İlk onluqda Onur və Ömər adları da yer alıb – hər biri 14 uşağa qoyulub.
Qız uşaqları arasında isə liderliyi Məryəm adı qoruyub. Bu ad 25 körpəyə verilib. Melisa və Aylin adları 24 dəfə seçilərək ilk üçlükdə qərarlaşıb. Ardınca Zəhra (23) və Fatimə (22) gəlir. Zeynəb və Nilay adları 20, İnci 18, Əlisa 16, Ayla isə 14 dəfə valideynlərin seçimi olub.
Qeyd edək ki, 2025-ci il ərzində ümumilikdə oğlan uşaqları arasında da ən populyar ad Uğur olub – bu ad 1721 körpəyə verilib. Sonrakı yerlərdə Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) qərarlaşıb.
Ötən il qız uşaqları arasında isə Melisa adı lider olub (1200). Ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimə (803) olub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.