Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda 60 Vt-dək közərmə lampalarının istehsalı və satışı qadağan olunur

LED lampalara keçid enerji sərfini azaldır, istehlakçı xərclərini aşağı salır və ətraf mühiti qoruyur

527

Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə 60 vattadək gücə malik közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması qərara alınıb.

Energetika Nazirliyindən verilən məlumata görə, qanuna əsasən, bu ilin yanvarın 1-dən 60 vatt və yuxarı gücə malik, 2026-cı ilin 1 iyulundan isə 25–60 vatt gücündə közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye avadanlıqlarında yalnız texnoloji məqsədlər üçün istifadə olunan lampalara şamil edilmir.

Hesablamalara görə, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan ciddi üstünlüklərə malikdir. Məsələn, 15 min saatlıq istifadə müddətinə malik 1 LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıqlandırma üçün 60 vatt gücündə közərmə lampasına qarşılıq cəmi 7 vatt LED lampası kifayət edir.

1 milyon ədəd 60 vatt gücündə közərmə lampasının illik istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi, 29,1 milyon kubmetr təbii qaz və 63,6 min ton karbon emissiyasına səbəb olur. Eyni sayda LED lampaya keçid zamanı enerji sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda 2,7 milyon məişət abunəçisinin təxminən yarısı LED lampalara keçib və bu, gündəlik elektrik istehlakını 4,86 milyon kVt·saatdan 567 min kVt·saata qədər azaldıb.

LED lampalar həm də aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığı üçün daha təhlükəsizdir, civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun ömürlüdür və gərginlik dalğalanmalarına qarşı dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkədə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitin qorunmasına və dayanıqlı enerji mədəniyyətinin formalaşmasına xidmət edir. Vətəndaşlar və müəssisələr enerji səmərəli işıqlandırma həllərinə üstünlük verməyə təşviq olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.