Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda ən çox hansı məhsullar bahalaşıb

Yanvarda qida, qeyri-qida məhsulları və ödənişli xidmətlərdə qiymətlərdə artım müşahidə olunub

80

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ilin yanvar ayı ilə müqayisədə 105,7 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, illik müqayisədə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 7,1 faiz, qeyri-qida məhsulları üzrə 3,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 5,6 faiz artıb.

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə aylıq qiymət indeksi 101,3 faiz təşkil edib. Aylıq müqayisədə makaron, yulaf yarması, kolbasa məhsulları, balıq və balıq məhsulları, süd və süd məhsulları (qatıq, pendir, şor, kəsmik), yumurta, naringi, banan, alma, armud, xurma, kivi, qoz, fındıq, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, badımcan, sarımsaq, kartof, şokolad məmulatları, araq, konyak, şərab və siqaret bahalaşıb.

Eyni dövrdə yumru düyü, portağal, ağ kələm, süfrə çuğunduru, yerkökü və tomat pastası ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.

Qeyri-qida mallarında aylıq qiymət indeksi 101,3 faiz olub. Yanvar ayında parçalar, divar kağızı, plastik pəncərə, laminat parket, sement, masa və oturacaq mebelləri, xalça, istilik sistemi üçün qurğular, kiçik elektrik cihazları, “Aİ-92” markalı avtomobil benzini, dizel yanacağı, mühərrik yağı, mobil telefonlar, qəzetlər və zərgərlik məmulatları bahalaşıb. Kəsilmiş taxta, soyuducu, kondisioner və planşet kompüterlərin qiymətində isə azalma müşahidə edilib. Digər qeyri-qida məhsullarının qiymətləri sabit qalıb.

Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 101,9 faiz təşkil edib. Yanvar ayında elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji xidmətlər, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətləri bahalaşıb. Malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri üzrə qiymətlər isə azalıb. Digər ödənişli xidmətlərin qiymətində ciddi dəyişiklik qeydə alınmayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.