Azərbaycanda ədəbiyyat sahəsində yeni prestijli mükafat təsis edilir
Azərbaycan Kitab Mükafatı – Qalib 50 min manat alacaq
Azərbaycan Kitab Mükafatı 2026-cı ildən etibarən təqdim olunacaq. Bu barədə Mədəniyyət Nazirliyində gənc yazarlarla görüş zamanı nazir müavini Fərid Cəfərov məlumat verib.
Yeni mükafat Prezident Fərmanı ilə təsdiqlənəcək və hər il yalnız bir laureat seçiləcək. Qalibə 50 min manat pul mükafatı, diplom və döş nişanı təqdim olunacaq. Həmçinin, qalib kitab 3000 tirajla çap olunacaq, iki ölkədə yayımlanacaq, dörd dilə tərcümə ediləcək və satış gəlirləri müəllifə ödəniləcək.
Mükafat iki kateqoriya üzrə verilir: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr). Hər nəşriyyat maksimum 2 əsər, hər ədəbi orqan isə tam çap etdiyi 1 əsəri təqdim edə bilər.
Qiymətləndirmə bir neçə mərhələdə aparılacaq. Sentyabr ayında Ekspertlər Şurası 10 əsərdən ibarət uzun siyahı hazırlayacaq. Noyabr ayında xüsusi komissiya qısa siyahını – 5 əsəri seçəcək və həmin ay laureat açıqlanacaq. Qısa siyahıya düşən digər 4 müəllif hər biri üçün 2000 manat mükafat nəzərdə tutulub.
Azərbaycan Kitab Mükafatının final mərhələsi şou formatında keçiriləcək və canlı yayımlanacaq. Nəticə ekran vasitəsilə izləniləcək, mərasimdə dünya şöhrətli yazıçılar iştirak edəcək.
Qeyd edək ki, bu yeni mükafat ölkədə ədəbiyyat kateqoriyası üzrə dövlət mükafatının yerini alacaq və gənc yazarların yaradıcılığını daha geniş miqyasda dəstəkləməyi hədəfləyir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.