Azərbaycan–Türkiyə əməkdaşlığı
Türkiyə şirkətləri Qarabağın bərpasına 5 milyard dollardan çox sərmayə yatırıb
Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasına 5 milyard dollar dəyərində layihələrlə töhfə verib. Bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib.
Nazir bildirib ki, Türkiyə şirkətləri uzun illərdir Azərbaycanda, xüsusilə Qarabağın bərpa və yenidənqurma prosesində mühüm rol oynayır.
“Türkiyə podratçıları qlobal miqyasda 550 milyard dollardan artıq dəyəri olan 12 min 600-dən çox layihə həyata keçirərək beynəlxalq arenada ciddi nüfuz qazanıblar. Bu çərçivədə indiyədək Azərbaycanda təxminən 560 layihə icra olunub”, – deyə Ö. Bolat vurğulayıb.
Onun sözlərinə görə, həmin layihələrin əhəmiyyətli hissəsi məhz Qarabağın bərpasını əhatə edir və bu layihələrin ümumi dəyəri 5 milyard dolları ötür.
Nazir əlavə edib ki, hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına iqtisadi fəallığın artırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.