Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Suriyada 100-dən çox məktəbin bərpasına dəstək verəcək

Rabatda imzalanan strateji sazişə əsasən, Azərbaycan 10-a yaxın yeni məktəb tikəcək, onlarla zədələnmiş təhsil müəssisəsini isə əsaslı təmir edəcək.

52

Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikası, Suriya Ərəb Respublikası və ICESCO arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Suriyanın təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik imzalayıblar.

Sazişə əsasən, Azərbaycan Suriyada dağıdılmış və ya zədələnmiş təhsil obyektlərinin bərpasına dəstək göstərəcək. Layihə çərçivəsində 10-a yaxın yeni məktəb binasının tikintisi, eləcə də 100-ə yaxın məktəbin əsaslı təmiri nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən Emin Əmrullayev Azərbaycanın beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsilin inkişafına və infrastrukturun gücləndirilməsinə xüsusi önəm verdiyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçiriləcək bu təşəbbüs Suriyada uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına xidmət edəcək.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik isə imzalanmış sənədin Suriyada təhsil sisteminin yenidən qurulmasına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, bu əməkdaşlıq həmçinin İslam dünyası ölkələri arasında həmrəyliyin və tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.