Azərbaycan–Özbəkistan mədəni əməkdaşlığı
Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimi iki qardaş xalqın ortaq dəyərlərini bir daha nümayiş etdirdi
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib. Tədbir çərçivəsində hər iki ölkənin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub.
Açılış mərasimindən əvvəl qonaqlar Özbəkistanın tarixi-mədəni irsini, milli dəyərlərini və müasir inkişaf yolunu əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Özbəkistan Mədəniyyəti Günləri iki qardaş xalq arasında mövcud olan dostluq və qarşılıqlı ehtiram münasibətlərinin bariz nümunəsidir. Onun sözlərinə görə, bu cür mədəni platformalar təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasının mədəni inteqrasiyasının möhkəmlənməsinə xidmət edir.
Nazir müavini vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqları tarixən bir-birinin mədəniyyətinə xüsusi rəğbət göstərib və qarşılıqlı mədəniyyət günlərinin təşkili ortaq mənəvi irsin qorunmasına yönəlmiş davamlı əməkdaşlığın göstəricisidir. O qeyd edib ki, ortaq tarixi köklər, dil birliyi, zəngin mədəni irs və dini dəyərlər ölkələrimiz arasında münasibətlərin möhkəm əsasını təşkil edir və bu əlaqələr siyasi, iqtisadi və humanitar sahələrdə də uğurla inkişaf edir.
Fərid Cəfərov, həmçinin, Azərbaycan–Özbəkistan mədəni əməkdaşlığının Türk Dövlətləri Təşkilatı, UNESCO, ICESCO və MDB kimi beynəlxalq platformalar çərçivəsində daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Bahodir Əhmədov isə çıxışında qeyd edib ki, Mədəniyyət Günləri iki ölkə arasında mədəni münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. O, proqramın hazırlanmasına xüsusi diqqət yetirildiyini və tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Bahodir Əhmədovun sözlərinə görə, konsert proqramında özbək ifaçıları ilə yanaşı, Azərbaycan musiqi nümunələrinin də yer alması xalqlarımızın mədəni yaxınlığını və bir-birini qarşılıqlı şəkildə zənginləşdirdiyini nümayiş etdirir.
Açılış mərasimindən sonra Özbəkistanın zəngin musiqi və rəqs ənənələrini əks etdirən bədii proqram təqdim olunub.
Mədəniyyət Günlərinin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və mədəni dialoqu genişləndirməkdir.
Qeyd edək ki, Özbəkistan Mədəniyyəti Günləri Azərbaycanda dekabrın 20-dək davam edəcək. Proqram çərçivəsində dekabrın 15-də Özbəkistan–Azərbaycan Birgə Mədəniyyət Komissiyasının ilk iclasının keçirilməsi, “Navruz” rəqs ansamblının və Özbəkistan Dövlət Simfonik Orkestrinin konsertlərinin təşkili nəzərdə tutulur.
Mədəniyyət Günlərinin bağlanış mərasimi 2023-cü ildə Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək. Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyəti üçün xüsusi mədəni proqram da təşkil olunacaq.
Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.