Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan manatının sabitliyi bank sektorunu gücləndirir

Bankların likvidliyi və borcalanların ödəniş qabiliyyəti artıb; xarici valyuta depozitləri isə azalmağa davam edir

37

Azərbaycan manatının illərdir qorunan sabit məzənnəsi bank sistemində dollarla verilən kreditlərin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Bu barədə beynəlxalq reytinq agentliyi “Moody’s” öz son qiymətləndirməsində məlumat yayıb.

Bildirilib ki, manatın stabil qalması nəticəsində valyuta ilə kreditləşmənin həcmi sürətlə azalmaqdadır: əgər 2020-ci ildə bank portfelinin təxminən 30%-i xarici valyutada idisə, 2024-cü ildə bu göstərici 16%-ə, 2025-ci ilin sentyabrına isə 14%-ə düşüb.

Agentliyin açıqlamasına görə, problemli kreditlərin payı da rekord aşağı səviyyədə – 2024-cü ilin sonunda 3% ətrafında qalıb. Bu cür kreditlərin ehtiyatla təmin olunması 112% təşkil edib. Qeyri-neft sektorunun fəallığı isə borcalanların ödəniş imkanlarını artıraraq aktivlərin keyfiyyətini dəstəkləyir.

“Moody’s”in hesabatında həmçinin banklar üçün əsas məhdudlaşdırıcı amilin depozitlərin dollarlaşması olduğu vurğulanır. 2025-ci ilin sentyabrında valyuta depozitlərinin ümumi depozitlərdəki payı 38% təşkil edib (2020-ci ildə bu rəqəm 56% idi). Bununla belə, dedollarizasiya siyasəti və dövlətin dəstəyi nəticəsində manatla likvidlik daha da möhkəmlənib.

Hesabatda əlavə olunur ki, bank sektorunun əsas maliyyə dayağı məhz müştəri depozitləridir və onlar ümumi öhdəliklərin təxminən 75%-ni təşkil edir. Aktivlərin 39%-nin likvid vəsaitlərdən ibarət olması isə Azərbaycan banklarının xarici təsirlərə qarşı davamlılığını yüksək səviyyədə saxlayır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.