Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni istedadlar axtarır

Proqramı müvəffəqiyyətlə başa vuran 5 nəfər beynəlxalq şirkətlərdə bir aylıq təcrübə keçəcək

7

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərinin növbəti mərhələsinə qeydiyyat başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə təşəbbüsü olan proqram ölkədə kibertəhlükəsizlik üzrə yeni mütəxəssislərin hazırlanmasını hədəfləyir.

Bu mərhələdə Mərkəz ilk dəfə olaraq xüsusi fürsət təqdim edir – proqramı uğurla başa vuran iştirakçılar arasında ən yüksək nəticə göstərən 5 məzun xaricdə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına qatılmaq imkanı əldə edəcək.

Təlimlərdə iştirak etmək üçün 17 yaşdan yuxarı, ingilis dili və İKT üzrə baza biliklərinə malik Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçən namizədlər mərhələli şəkildə imtahan və müsahibə proseslərindən keçəcəklər. İsrailli mütəxəssislərin təşkil etdiyi imtahanda iştirakçıların məntiqi düşüncə, texniki biliklər və dil səviyyəsi qiymətləndiriləcək.

Uğur qazanan 60 nəfər proqramda tam təqaüdlə iştirak hüququ əldə edəcək. Təlimlər 6 ay davam edəcək və “Technion” akademik heyəti tərəfindən nəzəri və praktiki modullar şəklində keçiriləcək.

Proqramda iştirakçılar “Red Team” (hücum) və “Blue Team” (müdafiə) istiqamətlərində ixtisaslaşaraq real simulyasiyalarda bacarıqlarını inkişaf etdirəcəklər. Tədris sonunda məzunlara “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Qeydiyyat 1 dekabr 2025-ci il tarixinədək davam edəcək.
Ətraflı məlumat və qeydiyyat üçün: bit.ly/AKM-7ci-dalga

Hazırda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimlərini 300-ə yaxın şəxs uğurla bitirib, son iki dalğada isə məzunların 80%-i bu sahədə işlə təmin olunub. Mərkəz həmçinin ali təhsil müəssisələrində kibertəhlükəsizlik tədrisini dəstəkləyir və yerli texnoloji məhsulların inkişafına töhfə verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.