Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan-Gürcüstan parlamentləri əməkdaşlığı gücləndirir

Üçtərəfli iclas regionda sülh, sabitlik və iqtisadi inkişafa töhfə verəcək strateji əməkdaşlıq formatı kimi qiymətləndirilib.

33

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclası çərçivəsində Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.

Parlamentin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, görüşdə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu format 2014-cü ildə Bakıda yaradılıb, son iclas isə 2022-ci ildə Şuşada keçirilib. Sahibə Qafarova bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlər regionda sülh, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün vacibdir.

N. Şamxaradze Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin salamlarını Azərbaycan tərəfinə çatdırıb. Görüş zamanı ölkələr arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib və regiondakı strateji layihələrin həyata keçirilməsində əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Parlamentlər arasında əlaqələrin möhkəmlənməsi, sədrlər və üzvlər arasındakı sıx əlaqələrin əməkdaşlığın genişlənməsində vacib rolu xüsusi vurğulanıb.

Həmçinin qeyd olunub ki, parlamentlər ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində aktiv əməkdaşlıq aparır. Sahibə Qafarova ötən ilin avqust ayında Vaşinqton sammitindən bəri regionda yaranan vəziyyət və yeni imkanlar barədə fikirlərini bölüşüb.

Nikoloz Şamxaradze bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin regiondakı bütün tərəflər üçün faydalı olacağı gözlənilir və Gürcüstan bu prosesi dəstəkləyir. Görüşdə həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.