Azərbaycan Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırdı – İlk yüklər göndərildi
Azərbaycan Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırdı – İlk yüklər göndərildi
Azərbaycan artıq Ermənistana yüklərin tranzit daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O xatırladıb ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı bu barədə bəyanatla çıxış etmişdi. Dövlət başçısının sözlərinə görə, işğal dövründən bəri qüvvədə olan tranzit məhdudiyyətləri artıq ləğv olunub.
Bəxtiyar Hacıyev qeyd edib ki, Rusiyadan Azərbaycan üzərindən keçməklə Ermənistana 1048 ton 800 kiloqram taxıl yüklü 15 vaqon göndərilib. Yüklər Böyük Kəsik stansiyasından keçərək Gürcüstana, oradan isə Ermənistana daşınır.
Onun sözlərinə görə, eyni zamanda Qazaxıstan mənşəli taxıl yüklərinin də Azərbaycan vasitəsilə Ermənistana daşınmasına başlanılıb. Noyabrın 5-də Qazaxıstandan göndərilən təxminən 1 000 ton taxıl daşıyan 15 vaqon artıq Biləcəri stansiyasına çatıb. Qatar Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu üzrə hərəkətini davam etdirir və yüklər Böyük Kəsik stansiyasından Ermənistana yola salınacaq.
“Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan üzərindən Ermənistana növbəti yüklərin göndərilməsi planlaşdırılır”, – deyə ADY rəsmisi əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.