Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələ

Əbu-Dabidə keçirilən görüşdə iki ölkə vətəndaşlarının səfərlərinin asanlaşdırılması və strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

354

Fevralın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, danışıqlar zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Eyni zamanda regional və beynəlxalq təşkilatlar daxilində qarşılıqlı fəaliyyət və bölgədəki mövcud təhlükəsizlik durumu diqqət mərkəzində olub.

Görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların Azərbaycan–BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, ötən ilin noyabrında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilən razılaşmaların icrası nəzərdən keçirilib və bu il Bakıda keçirilməsi planlaşdırılan ikinci iclasa hazırlıq işləri müsbət qiymətləndirilib.

Nazirlər regional və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini bir daha vurğulayıblar. Ceyhun Bayramov həmçinin 8 avqust Vaşinqton sammitindən sonra formalaşan sülh gündəliyi ilə bağlı qarşı tərəfə məlumat verib.

Tərəflər Azərbaycanla BƏƏ arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, bu müsbət dinamikanın tərkib hissəsi kimi iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin daha da sadələşdirilməsi imkanlarını müzakirə ediblər.

Görüş zamanı, bundan başqa, tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.