Azərbaycan alimlərinə beynəlxalq elmi nəşrlərdə geniş imkan — “Cambridge Press” ilə əməkdaşlıq başladı
Ölkə alimləri 422 nüfuzlu jurnalda ödənişsiz məqalə dərc edə biləcək
Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın məşhur Kembric Universitetinin nəşriyyatı — “Cambridge Press” arasında əldə edilən yeni razılaşma Azərbaycan elmi ictimaiyyəti üçün böyük imkanlar açır. Razılaşmaya əsasən, ölkəmizdə fəaliyyət göstərən bütün müəlliflər növbəti üç il ərzində “Cambridge Press” nəşriyyatına məxsus 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnalda limitsiz sayda elmi məqalə dərc edə biləcəklər.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu jurnallar “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indekslənir. Adətən açıq əlyetərli nəşrlərdə məqalə dərcinin qiyməti minlərlə manatla ölçülür, lakin əldə olunan razılıq sayəsində Azərbaycan alimləri bu ödənişdən azad olunurlar.
Bundan əlavə, ölkənin 140 elmi və ali təhsil müəssisəsi “Cambridge Press” nəşriyyatının jurnallarına müddətsiz oxuma imkanı əldə edib.
Yeni xidmətdən yararlanmaq istəyən tədqiqatçılar Cambridge Core platformasına — cambridge.org/core/journals ünvanı vasitəsilə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Bu əməkdaşlıq Azərbaycan elminin beynəlxalq arenada tanıdılmasına və yerli alimlərin qlobal elmi məkanda aktiv iştirakına mühüm töhfə verəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.