Azərbaycan 2026-cı il üçün BMT üzvlük haqqını tam ödəyib
BMT Baş katibinin sözçüsünün müavini ölkəyə təşəkkürünü bildirib və Azərbaycanın büdcə ödənişində ilk sıralarda olduğunu vurğulayıb
Azərbaycan 2026-cı il üçün BMT-nin adi büdcəsinə üzvlük haqqını tam şəkildə ödəyib. Bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında bildirib və ölkəyə təşəkkürünü çatdırıb.
F.Haq Azərbaycanın paytaxtı Bakı haqqında maraqlı fakt da təqdim edib. O qeyd edib ki, Bakı Xəzər dənizinin qərb sahilində yerləşir və dəniz səviyyəsindən 28 metr aşağı olması ilə dünyanın ən aşağıda yerləşən paytaxt şəhərlərindən biridir.
“Bir təxmininiz varmı? Bəli, söhbət Azərbaycan Respublikasının paytaxtı Bakıdan gedir. Azərbaycan BMT-nin büdcəsinə tam ödəniş edib və biz buna görə Bakıdakı dostlarımıza minnətdarıq,” – deyə F.Haq vurğulayıb.
O əlavə edib ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi, bu il də BMT üzvlük haqqını ödəyən ilk ölkələrdən biridir. Bu günə qədər Azərbaycanla birlikdə 24 digər üzv dövlət də ödənişlərini tam həyata keçirib.
Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqları hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, əsas kriteriya ölkənin ödəmə qabiliyyətidir. Toplanan vəsait əsasən BMT-nin mərkəzi orqanlarının, Baş Assambleyanın, xüsusi komitələrin və Katibliyin inzibati xərclərinə sərf olunur. Həmçinin büdcənin əhəmiyyətli hissəsi sülhməramlı missiyaların maliyyələşdirilməsinə yönəldilir.
Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul edilib. Bununla əlaqədar olaraq Nyu-Yorkdakı BMT mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə ölkəmizin təşkilat yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.