Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Maarifçilər Assosiasiyasının bir qrup üzvü Mingəçevir Dövlət Universitetində olub

14

2023-cü ilin iyulun 20-də “Mingəçevir Təhsil Səfəri” proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetini (MDU) ziyarət edən Azərbaycan Maarifçilər Assosiasiyasının (AMA) bir qrup üzvündən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibində təhsilin bütün pillələrini əhatə edən peşəkar müəllimlər və inzibati heyət üzvləri təmsil olunub.

Görüşdə çıxış edən AMA-nın sədri Tofiq Sadıxov təmsil etdiyi qurumun fəaliyyəti və layihələri barədə məlumat verib. Vurğulayıb ki, səfər proqramı Mingəçevir şəhərində yerləşən təhsil müəssisələri ilə tanışlıq məqsədi daşıyır. Son dövrdə müasirləşmə istiqamətində önəmli addımlar atan MDU-da olmaqdan məmnunluğunu ifadə edən T.Sadıxov görüşün təşkilinə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov AMA-nın səfər təşəbbüsünü yüksək qiymətləndirib. Respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçilərinin birgə fəaliyyətlərini əlaqələndirən birlik olan AMA ilə əməkdaşlıq imkanlarından danışan rektor MDU-nu ziyarət etdikləri üçün nümayəndə heyətinə təşəkkür edib. MDU-nun strateji hədəflərindən bəhs edən Ş.Bayramov həmin hədəflərə çatmaq yolunda həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.

Sonra görüşdə iştirak edən AMA üzvlərinin sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib.

Maraqla qarşılanan görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Şərhlər bağlıdır.