Avtobuslarda Yeni Dövr Başlayır: Oktyabrın 1-dən Tariflər Dəyişir
Ekoloji təmiz avtobuslar, nağdsız ödəniş və daha keyfiyyətli sərnişindaşıma xidmətləri tətbiq olunacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma üzrə yeni gediş haqqı tariflərini təsdiqləyib. Qərar, “2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ictimai nəqliyyatda keyfiyyətin artırılması və avtobus parkının yenilənməsi məqsədi daşıyır.
Yeni qaydaya əsasən, yalnız nağdsız ödəniş sistemləri ilə fəaliyyət göstərən, ekoloji cəhətdən təmiz – elektrik və CNG ilə işləyən avtobuslarda gediş haqqı 60 qəpikdən başlayacaq. Tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.
Hazırda həm Bakıda, həm də regionlarda müasir avtobusların istifadəyə verilməsi prosesi sürətlənir. Gəncədə bütün avtobus parkı yenilənib, Sumqayıt və Abşeronda isə sərnişinlərin istifadəsinə artıq 85 yeni avtobus təqdim olunub. Naxçıvana 60 elektrik mühərrikli avtobusun gətirilməsi, işğaldan azad olunmuş Laçın, Xankəndi, Cəbrayıl və Ağdamda isə “Böyük Qayıdış” planı çərçivəsində marşrutların bərpası nəzərdə tutulub.
Yenilənmiş tariflər ilkin mərhələdə paytaxt marşrutlarının təxminən 30%-ni əhatə edəcək. Qanunvericilik dəyişikliyi daşıyıcıların maliyyə sabitliyini gücləndirəcək, avtobus parkının hər il təxminən 400 yeni avtobusla genişlənməsinə şərait yaradacaq.
Dəyişikliyin əsas məqsədi sərnişinlər üçün daha rahat və keyfiyyətli xidmət göstərmək, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək, nağdsız ödənişləri genişləndirmək və sərnişindaşıma sahəsində şəffaflığı artırmaqdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.