“Apple” 2025-də tarix yazır: iPhone satışları rekord qıracaq
Şirkət “iPhone 17” seriyasına olan böyük tələb sayəsində 247 milyondan çox satış hədəfləyir – Çin, ABŞ və Avropada gözlənilməz yüksəliş var.
2025-ci ildə “Apple” iPhone satışlarında tarixinin ən yüksək nəticəsini əldə edə bilər. IDC-nin proqnozlarına əsasən, şirkət “iPhone 17” seriyasına olan güclü tələbat sayəsində 247 milyondan çox cihaz satacaq.
Məlumata görə, “Apple”ın ümumi smartfon tədarükü 6,1% artacaq ki, bu da qlobal bazardakı orta artım göstəricisi olan 1,5%-i bir neçə dəfə üstələyir.
“MacRumors” yazır ki, şirkətin satış sıçrayışında əsas rol Çin bazarına məxsusdur. Oktyabr–noyabr aylarında “Apple” Çində bazar payının 20%-dən çoxunu ələ keçirərək rəqiblərini geridə qoyub. Bu dinamika ölkədə dördüncü rüb üçün proqnozu 9%-dən 17%-ə yüksəldib və əvvəlcədən gözlənilən 1% azalma əvəzinə illik 3% artım gözləntisi formalaşdırıb. Oxşar müsbət tendensiya ABŞ və Qərbi Avropada da müşahidə olunur.
Şirkətin baş direktoru Tim Kuk da bundan əvvəl dekabr rübü üçün rekord gəlir gözlədiklərini, iPhone satışlarının isə yeni tarixi maksimuma çata biləcəyini bildirmişdi. IDC hesab edir ki, “Apple”ın 2025-ci il üzrə ümumi gəliri 261 milyard dollar olacaq — bu isə 7,2%-lik artım deməkdir.
Bununla yanaşı, “iPhone Air” modeli gözləntiləri tam doğrultmasa da, “iPhone 17” və onun Pro versiyaları bazarda yüksək tələb görür.
Analitiklər 2026-cı il üçün iOS cihazlarının tədarükündə 4,2%-lik azalma proqnozlaşdırırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.