Antarktidada ozon dəliyi rekord şəkildə bağlandı
Son illərin ən erkən bərpası qeydə alındı – alimlər ozon qatının tam sağalacağına ümidlidir
Antarktida üzərindəki ozon dəliyi bu il gözləniləndən də tez bağlanıb və yaxın onilliklərdə ozon qatının tam bərpa olunacağına dair ümidləri artırıb. Bu barədə “Daily Mail” Kopernik Atmosferə Nəzarət Xidmətinin (CAMS) araşdırmasına istinadən məlumat yayıb.
Məlumata görə, hər il yaranan ozon dəliyi dekabrın 1-də tamamilə bağlanıb. Bu, təkcə son illərə nisbətən daha erkən baş verməyib, həm də 2019-cu ildən bəri ən erkən bağlanma kimi qeydə alınıb.
2025-ci ildə ozon dəliyinin maksimal ölçüsü 21,08 milyon kvadrat kilometr olub. Bu göstərici son beş ilin ən kiçik ölçüsü hesab edilir. Alimlər bildirirlər ki, artıq ikinci ildir Antarktidada ozon dəliyi əvvəlki illərlə müqayisədə xeyli kiçik olur ki, bu da bərpa prosesinin sabit şəkildə davam etdiyini göstərir.
CAMS-ın direktoru, doktor Lorans Ruyil vəziyyəti “ümidverici siqnal” adlandırıb:
“Bu, ozon qatının bərpasında artıq hər il müşahidə etdiyimiz sabit irəliləyişi təsdiqləyir.”
Qeyd olunur ki, “ozon dəliyi” dedikdə, əslində fiziki dəlik deyil, yalnız həmin bölgədə ozon qatının ciddi nazilməsi nəzərdə tutulur. Adətən dəlik avqustda formalaşmağa başlayır, sentyabr–oktyabr aylarında maksimuma çatır və noyabrın sonu – dekabrın əvvəlində bağlanır.
Bu il isə proses daha dinamik olub. Ozon dəliyi avqustun ortalarında açılıb, ayın sonunda ölçüsü kiçilsə də, sentyabrın əvvəlində yenidən genişlənərək maksimuma çatıb. Lakin sentyabrda və xüsusilə noyabrda sürətlə kiçilməyə başlayıb və nəticədə dekabrın ilk günündə tam bağlanıb.
Mütəxəssislər bunun son 40 ilin ən erkən bağlanmalarından biri olduğunu bildirir və ozon qatının tam bərpasının əvvəlkindən daha real göründüyünü vurğulayırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.