Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ankarada elmi konfrans: “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı”

14

2023-cü ilin iyunun 19-da Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilib. Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin Salonunda baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak ediblər.

Əvvəlcə, Ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra, konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, Qazi Universitetinin prorektoru Yücel Gelişli və  Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan belə bir mötəbər tədbirə tərəfdaşlıq etməkdən məmnunluğunu ifadə edib və yaradılan şəraitə görə təşəkkürünü bildirib. Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin milli müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə misilsiz xidmətlər göstərdiyini qeyd edən Ş.Bayramov hazırda müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini vurğulayıb. Rektor bildirib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın həmrəyliyi, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsidir. “Bir millət, iki dövlət” anlayışıyla Ümummilli Liderin hər zaman qardaş Türkiyə ilə əlaqələrin inkişafına və dostluq münasibətlərinin gücləndirilməsinə böyük önəm və misilsiz töhfələr verdiyini diqqətə çatdıran Ş.Bayramov dahi şəxsiyyətin əziz xatirəsinin xalqlarımız tərəfindən daima böyük hörmət, sonsuz sevgi və minnətdarlıqla yad ediləcəyini bildirib. Qarşılıqlı əlaqələrin inkişafında elm və təhsil sahəsinin önəmindən danışan rektor növbəti illər üçün hər iki qardaş ölkənin inkişaf strategiyasının əməkdaşlıq baxımından yeni imkanlar qazandıracağını, universitetlərin hərəkətverici rolunu və məsuliyyətini daha da artıracağını qeyd edib. Qazi Universiteti ilə işbirliyinin uğurla davam etdiyini deyən Ş.Bayramov elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.

Qazi Universiteti rektoru Musa Yıldızın salamlarını çatdıran bu ali təhsil müəssisəsinin prorektoru Yücel Gelişli ortaq elmi konfransın əsas məqsədindən və önəmindən danışıb. Ulu Öndər Heydər Əliyevin qlobal liderlik keyfiyyətlərinə malik olduğunu vurğulayan prorektor görkəmli dövlət xadiminin çoxşaxəli, zəngin həyat və fəaliyyətində Türk Dünyasının xüsusi və mühüm yerə sahib olduğunu diqqətə çatdırıb. Bu il Türkiyə Respublikasının yaranmasının 100 illiyinin tamam olduğunu bildirən Y.Gelişli hər iki yüzilliyin sevincini özündə ehtiva edən belə bir tədbirə Qazi Universitetinin evsahibliyi etməsindən məmnunluğunu ifadə edib. İki universitet arasında əməkdaşlığın vacibliyindən bəhs edən Y.Gelişli MDU və Qazi Universiteti arasında müntəzəm olaraq təşkil edilən ortaq konfransların işbirliyinin inkişafına əhəmiyyətli töhfə verdiyini deyib, təşkilatçılara və məruzəçilərə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfiri Rəşad Məmmədovun salamlarını çatdıran Səfirliyin birinci katibi İ.Quliyev qardaş ölkələrin universitetləri arasında əməkdaşlığın inkişafından bəhs edib və MDU-nun bu sahədə aktivliyini vurğulayıb. Dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin titanik və misilsiz fəaliyyətləri ilə xalqımızın xilaskar lideri və ümummilli lideri zirvəsinə yüksəldiyini qeyd edən İ.Quliyev hazırda dahi şəxsiyyətin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nəhəng uğurlara və əzəmətli qələbələrə imza atdığını bildirib. Ümummilli liderin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edən İ.Quliyev “Heydər Əliyev İli” çərçivəsində Səfirliyin bir çox  tədbirlərə dəstək göstərdiyini qeyd edib. Hər iki universitetin bu istiqamətdə fəaliyyətlərə töhfələrinə görə təşəkkürünü bildirən İ.Quliyev konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqindən sonra Qazi Universitetinin prorektoru tərəfindən MDU rektoruna plaket verilib. Eyni zamanda, MDU rektoru tərəfindən Qazi Universitetinin prorektoruna və konfransın məruzəçilərinə xatirə hədiyyələri təqdim edilib.

Sonra konfrans Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kurunun moderatorluğu ilə paneldə davam edib. Paneldə MDU alimlərindən dosent Esmira Cəfərova “Heydər Əliyev və “Bir millət, iki dövlət” anlayışı” və dosent Asim Məmmədov “Heydər Əliyevin Türk Dünyasının birliyinə töhfələri” mövzusunda, Qazi Universiteti alimlərindən professor İsmet Çetin “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri” və professor Alev Çakmakoğlu Kuru “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” sözlərinin Türk sənətində izləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində yerli və xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Şərhlər bağlıdır.