Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zəngəzur dəhlizinə ABŞ-nin nəzarəti rəsmiləşdi

TRIPP layihəsi çərçivəsində yaradılacaq şirkətdə ABŞ 74%, Ermənistan isə 26% paya sahib olacaq

303

Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin iştirakı rəsmiləşib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına dair bəyannamə imzalayıblar.

Sənəd Zəngəzur dəhlizinin fəaliyyəti üzrə əsas prosedurları müəyyən edir və layihədə ABŞ-nin nəzarət payına malik olmasını nəzərdə tutur. Razılaşmaya əsasən, təşəbbüsün icrası üçün “TRIPP Development” adlı şirkət yaradılacaq.

İlkin investisiya qarşılığında ABŞ şirkətin səhmlərinin 74 faizinə, Ermənistan isə torpaqdan istifadə hüquqları və infrastruktur töhfəsi hesabına 26 faizinə sahib olacaq. Gələcək mərhələdə Ermənistanın payının 49 faizə qədər artırılması planlaşdırılır.

Layihə çərçivəsində şirkətə 49 il müddətinə eksklüziv inkişaf və idarəetmə hüquqları veriləcək. “TRIPP Development” Ermənistan ərazisindən keçən fasiləsiz multimodal tranzit marşrutlarına cavabdeh olacaq. Sözügedən marşrutlar Azərbaycanı Naxçıvanla birləşdirəcək və Transxəzər nəqliyyat dəhlizinin tərkib hissəsinə çevriləcək.

Layihə aşağıdakı sahələri əhatə edir:

  • dəmir yolu və avtomobil yolu infrastrukturu;

  • enerji marşrutları, o cümlədən neft və qaz boru kəmərləri;

  • fiber-optik xətlər daxil olmaqla rəqəmsal infrastruktur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.