Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yetkinlik yaşına çatmayanlar üçün cinayət məsuliyyəti: kim, necə və hansı hallarda cəzalanır

14-18 yaşlı şəxslərin törətdikləri cinayətlərdə tətbiq olunan cəza növləri və tərbiyəvi tədbirlər izah olunur

496

Cəmiyyətdə yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi cinayətlərin sayı diqqət çəkir. Təcrübə göstərir ki, bu yaş qrupundakı şəxslər əsasən kriminal aləmin təsiri, həmçinin digər yaşa dolmuş cinayətkarların təhriki nəticəsində cinayət yoluna qədəm qoyurlar.

Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə, 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmamış şəxslər yetkinlik yaşına çatmayan hesab olunur. Bu şəxslər cinayət törətdikdə həm cinayət məsuliyyətinə cəlb oluna, həm də tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların psixi və əqli inkişafını nəzərə alaraq bir sıra güzəştlər edir. Belə ki, 14-16 yaşlı şəxslər yalnız müəyyən ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyət daşıyırlar. 16 yaşından yuxarı şəxslər isə ümumi qaydada bütün cinayət tərkiblərinə görə məsuliyyətə cəlb olunur.

Cəza növləri isə məhkumun yaşına uyğun olaraq müəyyənləşdirilib:

  • Cərimə: 600 manatadək, yalnız müstəqil gəliri və ya əmlakı olanlara tətbiq olunur

  • İctimai işlər: 80–320 saat, yaşa uyğun saat limitləri ilə

  • Islah işləri: 2 aydan 1 ilədək, qazancından müəyyən faiz dövlətə tutulur

  • Azadlığın məhdudlaşdırılması: 2 aydan 2 ilədək

  • Azadlıqdan məhrum etmə: 10 ildən çox olmamaq şərti ilə

Yetkinlik yaşına çatmayanlara həmçinin tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:

  • Xəbərdarlıq

  • Valideyn və ya müvafiq dövlət orqanının nəzarətinə vermək

  • Vurulmuş ziyanın aradan qaldırılmasını təmin etmək

  • Asudə vaxtı və davranış üçün xüsusi tələblər müəyyən etmək

Bu tədbirlər birgə də tətbiq oluna bilər və yetkinlik yaşına çatmayan şəxs onları yerinə yetirmədikdə, iş məhkəməyə göndərilir.

Cinayət törədildikdən sonra müəyyən müddət keçdikdə məsuliyyətə cəlb mümkün deyil:

  • Az ağır cinayət – 3 il 6 ay

  • Ağır cinayət – 6 il

  • Xüsusilə ağır cinayət – 10 il

İbtidai istintaq yetkinlik yaşına çatmayanlar üçün xüsusi qaydalarla aparılır. Şəxs müdafiəçinin iştirakı olmadan istintaqda iştirak edə bilməz, hüquqları qorunur, valideyn və ya qanuni nümayəndə iştirak edə bilər. 16 yaşınadək və ya əqli zəiflik əlamətləri olan şəxslərlə istintaqda psixoloq və ya müəllim iştirak etməlidir.

Cinayət prosessual qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxsin bəraətverici əsas olmadan iş üzrə xitam verilməsi yalnız onun və ya valideynlərinin razılığı ilə mümkündür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.