Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalıda Milli Qəhrəman Natiq Qasımovun bacısı Prezident İlham Əliyevlə görüşdü

Kəmalə Heydərova qardaşının qəhrəmanlığına görə təşəkkür edib və onun nəşinin tapılmasını xahiş edib

67

Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə danışıb.

“Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir,” – deyə Kəmalə Heydərova bildirib.

O əlavə edib ki, Prezident İlham Əliyev Natiq Qasımova “Milli Qəhrəman” adı verdiyi üçün ailəsi böyük sevinc yaşamışdır:
“Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – “Milli Qəhrəman” adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə ‘Milli Qəhrəman’ adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun.”

Bacısı həmçinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin və dövlətin birlikdə göstərdiyi qəhrəmanlıqları vurğulayıb:
“Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu.”

O, dövlət və şəhid ailələrinə göstərilən diqqət üçün bir daha təşəkkürünü ifadə edib:
“Adı kimi mehriban, əziz Mehriban xanımımız, Birinci vitse-prezidentimiz, televizorda izləyirik, Siz şəhid ailələrini həmişə yad edirsiniz, onların balalarına dayaq olursunuz, çox sağ olun… Biz buraya dünən gəlmişik. İki il bundan qabaq da gəlmişdik, Natiqin döyüşdüyü kilsəyə getmişdik. İki il ərzində gör nə gözəl binalar tikilib, dünəndən gəzirik. Çox sağ olun, təşəkkür edirik. Bu sevinci bizə, dövlətimizə, millətimizə, şəhid ailələrinə yaşatdınız.”

Kəmalə Heydərova görüşün sonunda isə tək bir xahişi olduğunu bildirib:
“Necə təşəkkür edim ki, mənim qardaşıma bu cür dəyər verdiniz. Bir dənə də xahişim var ki, mənim qardaşımın da, – bilirəm bunu üçün çalışırsınız, – nəşi tapılsın, biz də şəhid ailələri kimi ziyarətə gedək. 30 ildən çox vaxt keçib, bizim ziyarət etməyə yerimiz yoxdur. Təkcə onu arzulayırıq, ayrı bir təmənnamız yoxdur.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.