Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalı soyqırımının 34-cü ildönümü Kubada anılıb

Azərbaycan səfirliyi tərəfindən təşkil olunan tədbirdə faciə qurbanları yad edilib, 44 günlük Vətən Müharibəsi və “Böyük Qayıdış” proqramı barədə məlumat verilib

94

Kubadakı Azərbaycan səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə səfir Ruslan Rzayev çıxış edərək Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətin dövrlərdən, ağır faciələrdən və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən danışıb. Diplomat bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda misli görünməmiş soyqırımı həyata keçirib.

Havanada akkreditə olunmuş diplomatik nümayəndələr və yerli sakinlərin iştirak etdiyi mərasimdə səfir, Xocalıda törədilən qətliamın yalnız bu bölgə ilə məhdudlaşmadığını, Ermənistanın digər Azərbaycan kənd və bölgələrində də kütləvi qırğınlar və dağıntılar törətdiyini qeyd edib. R. Rzayev mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində Qarabağın bütün sakinlərinin əsas hüquqlarının pozulduğunu vurğulayıb.

Səfir çıxışında həmçinin bildirib ki, 44 günlük Vətən Müharibəsi və həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri, həmçinin “Böyük Qayıdış” proqramı barədə də məlumat verib. Diplomat tədbir iştirakçılarını müharibədən sonrakı dövrdə Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyət və Azərbaycanın sülh təşəbbüsləri barədə də məlumatlandırıb.

Mərasimin sonunda Xocalı soyqırımına dair videoçarx nümayiş olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.