Xocalı soyqırımı ərəfəsində Madriddə Xarı Bülbül açdı
Azərbaycanın sülh və ümid rəmzi olan çiçəyi Madrid Kral Botanika Bağında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi mərasimlə təqdim edilib
Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində Madriddə sülh və ümid rəmzi olan Xarı Bülbül çiçəyi yenidən açıb.
Madrid Kral Botanika Bağı bu hadisəni xüsusi simvolik əhəmiyyətlə qeyd edir. Bitkinin açması Xocalı Soyqırımının ildönümünə təsadüf edərək bu anı daha mənalı edib. Xarı Bülbül 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü ilə bağa gətirilib.
Bu çiçək yalnız botanik dəyərə malik deyil, həm də Azərbaycan və İspaniya arasındakı mədəni əlaqələri simvolizə edir. Madrid Kral Botanika Bağının direktoru Martín Esteban bildirib ki, Xarı Bülbül “Madridin mərkəzində Azərbaycan təbiətinin füsunkar bir parçasıdır” və kolleksiyanın incilərindən biri kimi qeydiyyata alınıb.
Beləliklə, Xarı Bülbül qurbanların xatirəsinə hörmət, Qarabağın azad edilmiş torpaqlarına qayıdan insanlar üçün isə ümid və sülh rəmzi kimi qəbul edilir. Bitki özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq, orkide ailəsinin digər üzvlərinin saxlandığı xüsusi istixanada qorunacaq və bağa gələn qonaqlara, həmçinin Madrid sakinlərinə nümayiş etdiriləcək.
Xatırladaq ki, İspaniya Kral Botanika Bağı Kral VI Ferdinandın 17 oktyabr 1755-ci il fərmanı ilə Manzanares çayının yaxınlığında təsis edilib. 1781-ci ildə bağ Təbiət Elmləri Muzeyinin yanındakı hazırkı yerinə köçürülüb və burada dünyanın müxtəlif bölgələrindən 5500-dən çox flora nümunəsi saxlanılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.