Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xarici dil imtahanlarında böyük dəyişiklik: 2027-dən yeni model tətbiq olunacaq

DİM-də keçirilən elmi-metodik seminarda tam orta təhsil üzrə buraxılış imtahanlarında dinləmə, oxu və yazı bacarıqlarını ön plana çıxaran yeni qiymətləndirmə mexanizmi müzakirə edilib

195

Yanvarın 26-da Dövlət İmtahan Mərkəzində xarici dil fənləri ilə bağlı növbəti elmi-metodik seminar təşkil edilib. Tədbirdə 2027-ci ildən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında tətbiq olunması nəzərdə tutulan yeni qiymətləndirmə modeli diqqət mərkəzində olub.

Seminarda ümumtəhsil və ali təhsil müəssisələrində çalışan müəllimlər, metodistlər, eləcə də ingilis, fransız, alman və rus dilləri üzrə mütəxəssislər iştirak ediblər. Eyni zamanda, DİM-in regional bölmələri vasitəsilə ölkənin müxtəlif bölgələrindən olan müəllimlər müzakirələrə onlayn şəkildə qoşulublar.

Bildirilib ki, buraxılış imtahanlarında xarici dillər üzrə qiymətləndirmə sistemi mərhələli şəkildə yenilənir və bu proses barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılır. Artıq 2025-ci ildə 9-cu sinif buraxılış imtahanında ilk dəfə olaraq yazı bacarığının yoxlanılması məqsədilə şagirdlərə şəkillər əsasında hekayə yazmaq tapşırığı təqdim olunub. Bu yanaşma şagirdlərin yalnız dil biliklərini deyil, həm də mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını ölçməyə imkan verib.

Məlumat verilib ki, bu mərhələli dəyişikliklərin davamı olaraq 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənni üzrə qiymətləndirmə dinləmə, oxu, leksik-qrammatik bilik və yazı bacarıqlarını əhatə edəcək. Dinləmə bölməsində bir mətn və ona aid dörd qapalı tipli tapşırıq, oxu üzrə iki mətn və hər birinə dörd test sualı, leksik-qrammatik biliklərin ölçülməsi üçün 13 test tapşırığı nəzərdə tutulur. Yazı bacarığı isə verilmiş mövzu və ya suala əsasən ən azı 100 sözdən ibarət mətn yazmaqla qiymətləndiriləcək.

Yeni modelin əsas məqsədinin şagirdlərin xarici dil biliklərini real və kommunikativ mühitdə tətbiq etmə bacarıqlarını daha dəqiq ölçmək olduğu vurğulanıb. Xüsusilə yazı tapşırığı şagirdlərin fikirlərini ardıcıl, məntiqi və strukturlaşdırılmış şəkildə ifadə etmə bacarığını ön plana çıxaracaq.

Qeyd olunub ki, bu modelə uyğun olaraq Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərində yerləşən bəzi məktəblərdə pilot imtahanlar keçirilib. Pilot nəticələrinin təhlili yeni imtahan modelinin təkmilləşdirilməsi və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsi baxımından mühüm rol oynayıb.

Seminar çərçivəsində yazı bölməsi üzrə tətbiq ediləcək qiymətləndirmə meyarları ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Mütəxəssislər bildiriblər ki, bu dəyişikliklər xarici dil tədrisində kommunikativ yanaşmanı gücləndirəcək, şagirdləri real dil istifadəsinə daha yaxşı hazırlayacaq və qiymətləndirməni beynəlxalq standartlara yaxınlaşdıracaq.

Sonda vurğulanıb ki, yeni imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq təsdiqlənib və dərsliklərdə, eləcə də DİM tərəfindən nəşr olunan “Qiymətləndirmə tapşırıqları” kitablarında və test toplularında yer alacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.