Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqtonda Zəngəzur dəhlizi məsələsi gündəmə gələ bilər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfəri çərçivəsində region üçün strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi məsələsinin də müzakirə mövzularından biri olacağı ehtimal edilir.

58

Məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutacaq görüşdə bir sıra mühüm məsələlərlə yanaşı, regional nəqliyyat-kommunikasiya xəritəsində mühüm yer tutan Zəngəzur dəhlizi ilə bağlı mövqelərini ortaya qoyacaqlar.

İddialara əsasən, Azərbaycan Prezidenti İlham Əliyev bu dəhlizin açılması ilə bağlı ölkəsinin qəti mövqeyini bir daha bəyan edəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu marşrut regional iqtisadi əməkdaşlığın əsas sütunlarından biri olmalıdır.

Ermənistan tərəfinin mövqeyinə gəlincə, bəzi iddialara görə, Paşinyanın bu məsələdə həm Azərbaycanın, həm də ABŞ-nin təzyiqi ilə qarşı-qarşıya qaldığı vurğulanır. Bildirilir ki,    Vaşinqton Zəngəzur dəhlizinə uzunmüddətli nəzarətlə bağlı konkret maraqlara sahibdir və bu baxımdan bölgədə sabit və davamlı nəqliyyat axınının təmin olunmasını vacib hesab edir.

Mediada yayılan digər ehtimallara görə, görüş nəticəsində liderlər arasında sülh sazişinin imzalanması ilə bağlı ilkin razılaşma əldə edilə bilər və tərəflər bu niyyətlərini sənəd formasında ifadə edəcəklər.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla avqustun 8-də Ağ Evdə görüşəcəyi xəbəri son günlər regional və beynəlxalq mediada geniş müzakirə olunur. Hazırda bu barədə rəsmi təsdiq verilməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.