Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vətəndaşlar iki mənbədən pensiya ala biləcək

Özəl fondlar əlavə gəlir imkanları, erkən istifadə və rəqabət şəraiti yaradacaq, dövlət tərəfindən ciddi nəzarət təmin olunacaq.

95

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir. Bununla bağlı qanun layihələrinin hazırlanması prosesində 20-dən çox normativ hüquqi akt hazırlanır.

Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, özəl pensiya fondları vətəndaşlara paralel seçim imkanı yaradacaq:

“Vətəndaş aylıq ödənişlər etməklə özəl fondda kapital toplaya və təqaüd dövründə iki mənbədən pensiya ala bilər. Məsələn, dövlət pensiyasından 600 manat alacaq şəxs, özəl fond yığımları nəticəsində əlavə 300 manat əldə edə bilər.”

Bayramov əlavə edib ki, özəl fondlarda kapitaldan daha erkən istifadə də mümkündür. Beynəlxalq təcrübədə 60 min manatlıq baza formalaşarsa, onun 20 min manatı vətəndaş 50-55 yaşlarında istifadə edə bilər.

İqtisadçı Eyyub Kərimli bildirib ki, özəl pensiya fondları həm təqaüdçülərin gəlirlərini artırır, həm də rəqabət və idarəetmə imkanlarını genişləndirir. O vurğulayıb ki, gələcəkdə bir neçə fondun olması vətəndaşlara daha yaxşı idarə olunan fond seçmək imkanı verəcək.

E.Kərimli eyni zamanda risklərdən də danışıb:

“Əhalinin fondlara etibarını təmin etmək vacibdir. Yığılan vəsaitlər dövlət tərəfindən ciddi nəzarət olunmalı və sığortalanmalıdır.”

Beləliklə, özəl pensiya fondları vətəndaşlara əlavə gəlir mənbəyi yaratmaqla yanaşı, iqtisadi mühitə və maliyyə sisteminə müsbət təsir göstərəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.