Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vəkil olmaq üçün tələb edilən staj müddəti azaldılır

Parlamentdə müzakirə edilən dəyişikliklər vəkil olmaq prosedurunu sadələşdirir

12

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Layihəyə görə, ali hüquq təhsili olan şəxslər artıq bir il iş stajı topladıqdan sonra vəkilliyə qəbul edilə biləcəklər. Bu müddət indiyədək üç il idi.

Qanuna əsasən, hüquqşünaslar bir illik stajı başa vurduqdan sonra Vəkillərin İxtisas Komissiyasının yazılı test və müsahibədən ibarət imtahanını uğurla keçməli, həmçinin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində təşkil olunan icbari təlimi tamamlamalıdırlar.

Bundan əlavə, əvvəllər vəkil və ya hakim olmuş şəxslər (intizam qaydasında fəaliyyətinə xitam verilmiş və ya səlahiyyətləri uzadılmamış olanlar istisna olmaqla) yazılı testdən azad ediləcək. Onlar yalnız müsahibədən keçərək və icbari təlimdə iştirak etməklə vəkilliyə qəbul oluna biləcəklər. Bu hüquqdan yalnız bir dəfə istifadə imkanı tanınır.

Eyni zamanda, hüquq elmləri doktoru dərəcəsinə malik olanlar, hüquq sahəsində fəxri ada layiq görülənlər, eləcə də Konstitusiya Məhkəməsinin keçmiş hakimləri və apellyasiya və kassasiya məhkəmələrinin sabiq sədrləri imtahansız və təlimsiz şəkildə vəkillər kollegiyasına qəbul edilə biləcəklər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.