Ukrayna Xəzərdə Rusiyanın enerji obyektinə zərbə endirdi
Filanovski neft platforması PUA-larla hədəf alınıb, 20-dən çox quyuda hasilat dayandırılıb; platforma azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur
Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat bölməsi Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə aid Filanovski neft hasilatı platformasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücum nəticəsində platformada fəaliyyət göstərən 20-dən çox quyuda neft-qaz hasilatı dayandırılıb.
UNIAN xəbər agentliyi Ukrayna xüsusi xidmət orqanlarına istinadla məlumat verir ki, bu, Ukraynanın Xəzər dənizində Rusiyanın enerji infrastrukturuna yönəlmiş ilk zərbəsidir. Platformaya ən azı dörd PUA zərbəsi endirilib və nəticədə neft hasilatı müvəqqəti olaraq dayandırılıb.
Filanovski yatağı Rusiya sektorunda Xəzərin ən iri yataqlardan biridir və ehtiyatlarında 129 milyon ton neft, 30 milyard kubmetr qaz olduğu bildirilir.
Ukrayna kəşfiyyatının açıqlamasına görə, Xəzər dənizindəki hücum Rusiyaya bir daha xatırladır ki, onun müharibə üçün fəaliyyət göstərən müəssisələri harada olursa olsun, legitim hədəflər sayılır.
Qeyd edək ki, “Lukoyl” şirkəti azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.